Bəzi audit yoxlamaları elektronlaşdırılacaq

Bəzi audit yoxlamaları elektronlaşdırılacaq
  11 May 2018    Oxunub:1319
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Hesablama Palatası haqqında" yeni qanun dəyişikliklər layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, sənədin I oxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib.

"Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizəsi ilə bağlıdır".

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası bəzi audit tədbirlərini elektron formada həyata keçirəcək:

"Zamanla digər audit növləri də yaranır. Bunlardan biri də məsafədən auditdir. "Hesablama Palatası haqqında" yeni qanun qüvvəyə mindikdən sonra palatanın elektron informasiyaya çıxışı genişlənəcək və bu imkandan maksimum yararlanacaq. Palata bəzi audit tədbirlərini məsafədən həyata keçiricək".

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   İclas   Komitə  





Xəbər lenti