Dəli Dahilər – Murad Köhnəqala Vinni Consdan yazır

Dəli Dahilər – Murad Köhnəqala Vinni Consdan yazır
  09 May 2018    Oxunub:7570
Gəncliyində məşhur futbolçu, sonralar isə dəhşət filmlər kralı, qalmaqal ustası olmuş birisi haqda oxumaq istərdinizmi?
İslaholunmaz çılğın xarakterə malik, harada olsa qalmaqal yaradan bu adam dünya şöhrətli futbolçu və aktyor Vinni Consdur.
Futbol karyerasının ortalarında, 21 yaşında ikən dostları ilə birgə öz doğum gününü qeyd etdiyi məclisdə kütləvi dava törədərək təkcə başından 61 yara alıb, xəstəxanalıq olmuşdu. Hələ futbol yarışlarında oynayarkən amansız və kobud xarakter nümayiş etdirən Vinni, dəhşət filmləri çəkən rejissorların gözündən yayınmamışdı.

Vinsent Piter Cons (Vinni) 5 yanvar 1965-ci ildə İngiltərənin Uotford şəhərində, inşaatçı ailəsində anadan olub. Məktəbli vaxtlarından futbola maraq göstərmiş, 9 yaşında ikən uşaq futbol klublarında çıxış etmişdi. Fiziki göstəriciləri ona, özündən yaşca böyüklərlə eyni komandada oynamağa imkan verirdi. Vinni yeniyetmə bir futbolçu kimi öz tay-tuşları arasında güclü zərbələri ilə seçilirdi.

Gələcəyin məşhur futbolçu-aktyoru ailəsində baş verən ziddiyyətlərlə əlaqəli olaraq, getdikcə əsəbi və hamıya qarşı qəzəbli olmuşdu. Vinni 13 yaşına təzəcə qədəm qoyarkən valideynləri onun gözləri qarşısında ağlasığmaz qalmaqallar törədərək ayrılmışlar. Lakin bu ayrılıqdan sonra yeniyetmə idmançı tikinti ustası olan atası ilə birlikdə yaşamağa məcbur olmuşdu.



Vinsent çox nadinc, ipə-sapa yatmayan bir uşaq idi. Atasına məktəbdən Vinni ilə bağlı tez-tez şikayətlər gəlirdi. Hər dəfə məlum olurdu ki, Vinni ya kimisə döyüb, ya da ictimai yerdə xuliqanlıq edib. Oğlunun hərəkətlərindən bezən ata bir gün onu möhkəm tənbeh edir. Vinni isə öz növbəsində atasına kobud cavab qaytarır və əvəzində möhkəm bir şillə “yeyir”. Bu hadisədən sonra o, yaşadığı evi birdəfəlik tərk edir.
Təkbaşına ev kirayələyən Vinni inşaat işlərində fəhlə kimi çalışmağa başlayır.

Futbol və küçə davaları onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Vinni sonralar həyatının həmin dönəmlərini belə xatırlayır:
“Valideynlərim ayrıldıqdan sonra 3 il topa toxunmadım. Üsyan elədim, evdən qaçdım. Məni depressiyadan yenə futbol xilas etdi. Həyatımı, karyeramı futbol sayəsində düzgün qura bildim. Həm də öyrəndim ki, nə qədər çalışsan, həyatda o qədər şans qazanacaqsan...”
Vinni peşəkar futbol karyerasına 19 yaşında, 1984-cü ildə “Uoldston FC” adlı tanınmış komandada çalışmaqla başlayır. O, “Uoldston FC”-da oynayır, eyni zamanda tikinti işlərində suvaqçı kimi işləyir. Bununla yanaşı Vinsentin futboldakı uğurları müxtəlif məşqçilərin diqqətini cəlb edir.

“Uembledon FC”-in məşqçisi gənc Vinniyə 10 min pound məbləğində maaş təklif edərək, onu öz komandasına çağırır. Bu pul gənc futbolçu üçün fantastik qonorar olduğuna görə Vinni təklifi böyük məmnuniyyətlə qəbul edir. Komandada oynadığı zaman bir çox uğurlar əldə edən Vinni, kluba daxil olduğu vaxtdan iki il sonra, öz komandasına İngiltərə Federasiya Kubokunu qazandırır.
Klublar Vinni ilə əməkdaşlıq etməyə can atır, onu öz komandasında görmək istəyənlərin sayı artır. Lakin onlar bir riski də həmişə gözə alırlar:
Vinninin davakarlığını!



Əla müdafiə divarı quran bu vazkeçilməz oyunçu həmişə təhlükəli idi; ya rəqib komandadan kimi isə şil-küt edəcək, ya da kobud qayda pozuntusu ilə təmsil etdiyi komandaya qırmızı vərəqə qazandıracaq.

Vinni nəinki rəqib komanda üzvləri ilə kobud davranır, o hətta yaxşı oyun nümayiş etdirməyəcəkləri təqdirdə öz komanda yoldaşlarının da “payını” verəcəyini elan edirdi. Söyləyirlər ki, qələbə qazandıqları matçların birində Vinni, yaxşı oynamayan iki komanda yoldaşını paltardəyişmə otağındakı mıxdan asılı saxlayaraq cəzalandırmışdı.

Bütün bu amansızlıqlarına və sərt davranışlarına görə onun oynadığı klubu yaxşı uğurlarla yanaşı, cərimə və cəzalar da gözləyirdi. “Leeds United”, “Sheffield United”, “Çelsi” kimi komandalarda fəaliyyət göstərən Vinni Cons, 1992-ci ildə yenidən “Uembledon FC”-a qayıdır.
“Leeds United”ə dəvət olunan Cons, komandaya gələn kimi klubun ən yaxşı oyunçularından olan Bobbi Devissonla problem yaşayır. Mübahisələrin birində Bobbinin boğazına odlu silah dirəyərək, onu təkbətək görüşə çağırır, lakin Devisson dueldən boyun qaçırır. Bir dəfə matçın başlanmasının üçüncü saniyəsində Paul Qasquin adlı futbolçunun xayasını əli ilə vəhşicəsinə sıxdığına görə dərhal meydandan qovulmuşdu.

Vinsent Cons “Leeds United”ə çempionluq qazandırsa da, qələbədən sonra klub onu əməkdaşlıqdan azad edir.
Futbol karyerasını “Queens Park Rangers” klubunda sona çatdıran Vinni, Premyer Liqa tarixinin ən çox qırmızı vərəqə alan futbolçusu kimi tarixə düşür. İngiltərə futbolunun nüfuzlu simalarından olan Vinsent Cons, özünün ikinci və ən parlaq karyerasına- aktyorluğa başlayır.

Dediyimiz kimi, Vinninin qarşısıalınmaz davranışları, amansız sifəti Hollivud rejissorlarının diqqətini, o, hələ futbol oynadığı vaxtlardan cəlb etmişdi.

Tamaşaçılar futbol meydançasından tanıdığı “xuliqan” Vinni Cons, ilk dəfə məşhur rejissor Qay Riçenin “ Kart, pul, və qoşalülə” adlı filmi ilə ekranlara çıxır. Keçmiş futbolçu öz qeyri-adi aktyor oyunu ilə hamını heyrətləndiririr. Bu filmdən sonra ona müxtəlif rollarda oynamaq üçün təkliflər gəlir. Beləliklə, bizim bu dələduz, davakar futbolçu qəhrəmanımız biri-birinin ardınca tanınmış rejissorlardan dəvətlər alır və ona dünya şöhrəti gətirən filmlərə çəkilir.



“Böyük quş” filmindəki roluna görə V. Consa beynəlxalq dərəcəli “ən yaxşı aktyor” mükafatı verilir.
“60 saniyə ərzində qaçırmaq”, “Parol: Qılınc balıq”, ““Qızıl Qartal”da bir gün”, “Sümüksındıran”, “Dəhşət qatarı” kimi filmlərdə əsas rollarına görə aktyor görünməmiş məbləğdə pullar qazanır. Çəkildiyi filmlərdə Vinni Consun tərəf-müqabilləri Anjelina Cöli, Bred Pitt, Nikolas Keydç, Ceyson Stethem, Robert de Niro, Con Travolta, Hu Cekman, Helli Berri kimi dünya ulduzları iştirak edir.

Vinni Consun qeyri-adi döyüş bacarıqları onu savaş filmlərində əvəzedilməz oyunçuya çevirir. Lakin fikrimizcə, Vinninin əsas gücü onun fiziki qəhrəmanlığında yox, real-psixoloji obrazlar yaratmaq ustalığındadı. Satış tirajına görə dünyada rekord qıran “Dəhşət qatarı” filmində o, lal hannibal-manyak rolunu oynayır. Baş rolun ifaçılarından olsa da, film boyu bircə kəlmə belə danışmayan Consun yaratdığı tükürpədici- psixoloji aura, tamaşaçını doğrudan da vahiməyə salır.
Bir film təfsirçisinin dediyi kimi:
- Filmin daha qandonduran, daha dəhşətli olması üçün, onun bir qəddar baxışla kameraya nəzər salması yetərlidi. “Dəhşət qatarı”ında o, məhz bunu edib...”

Ümumiyyətlə, Vinni Cons mənfi rolların öhdəsindən böyük ustalıqla gəlir və Hollivud rejissorları ən qəddar manyak obrazlarını canlandırmağı Vinniyə həvalə edirlər.
Dəri xərçəngi xəstəliyindən əziyyət çəkən 50 yaşlı dəli aktyor hazırda Hollivudda yaşayır.



Murad Köhnəqala
AzVision.az üçün


Teqlər: Vinni-Cons  





Xəbər lenti