"Məmurların maaşı xidmət səviyyəsinə uyğun olmalıdır" - Ekspert

"Məmurların maaşı xidmət səviyyəsinə uyğun olmalıdır" - Ekspert
  07 May 2018    Oxunub:1714
"Məmurların maaşının artırlması məsələləri son günlər gündəmi zəbt edib. Aydındır ki, məmur daxil olmaqla hər bir vətəndaşımızın yüksək maaş alması arzuolunandır. Amma yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var".
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov məmur və deputatların maaşının artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, məmurların maaşı ilə orta aylıq əmək haqqı arasında kəskin fərq arzuolunan deyil:

"Məmurların və eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir. İkincisi, dövlət qurumlarında maaşın normal olması vacib olsa da, belə yüksək əmək haqqı heç də hər zaman korrupsiyaya qarşı mübarizədə səmərəli vasitə deyil. Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaşlarını fondu vəsaiti hesabına 2 dəfə artırmışdı. 1 il sonra fond bu əmək haqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olmuşdu ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb. Rüşvətin həcmi əmək haqqındakı artıma uyğunlaşdırılıb.

Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əmək haqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi artmasın, əksinə azalsın. Nəhayət, hər bir qurumda əmək haqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əmək haqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var".

Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəyə çıxarılıb. Deputat Qüdrət Həsənquliyev təklif edib ki, spikerin maaşı azı 10 min, deputatların maaşı isə 8 min manat olmalıdır.

AzVision.az


Teqlər: İqtisadçı   Maaş  





Xəbər lenti