Trotskinin qatili nə qazanmışdı? – Kəşfiyyat gizlinləri

Trotskinin qatili nə qazanmışdı? – Kəşfiyyat gizlinləri
  05 May 2018    Oxunub:21062
Siyasi Büronun keçmiş üzvü, SSRİ-nin hərbi və dəniz işləri üzrə xalq komissarı, Stalinin siyasi rəqibi Lev Davidoviç Trotski 1939-cu ildə Sovet kəşfiyyatının rəhbəri Pavel Fitinin hazırladığı əməliyyat nəticəsində Meksikada qətlə yetirilmişdi. Kəşfiyyat tarixinə bu əməliyyat “Ördək” adı ilə daxil olub.
Əməliyyatın hazırlanmasında və həyata keçirilməsində P.Fitinin müavini, gələcək general Pavel Sudoplatov yaxından iştirak etmişdi. 1940-cı ilin may ayının 30-da Trotskiyə qarşı ilk sui-qəsd təşkil edilmiş, lakin o, möcüzə nəticəsində sağ qalmışdı.

İkinci dəfə sui-qəsd cəhdinə icraçı qismində milliyyətcə ispan olan Ramon Merkader adlı şəxs cəlb edilmişdi. O, kulinariya sahəsi üzrə texniki-peşə məktəbini bitirmiş, İspaniyada vətəndaş müharibəsində iştirak etmiş və daha sonra Barselonadakı “Rits” mehmanxanasında işləmişdi. R.Merkaderin anası Mariya Karidad da SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) agenti olmuşdu. Lev Trotskiyə qarşı ilk sui-qəsd cəhdindən sonra Roman Merkader özünü Belçika diplomatının oğlu Jak Mornar kimi təqdim edərək, onun evinə yol tapmışdı. Bu məqsədlə Frenk Cekson adlı şəxsin adına olan saxta Kanada vətəndaşının pasportundan istifadə etmişdi.

1940-cı il avqust ayının 20-də R.Merkader havanın isti olmasına baxmayaraq, plaş və şlyapada Trotskinin evinə gələrək, ondan öz yazdığı məqaləyə rəy bildirməsini xahiş edir. Trotskinin məqaləni oxumağa başı qarışdığı zaman Merkader buz baltasını çıxararaq, Trotskinin başına zərbə endiri. O, Trotskini bir zərbə ilə vurub qaçmağa ümid etsə də, o, qatillə əlbayaxa olur və səsə gələn mühafizəçilər Merkaderi yaxalamağa müyəssər olurlar.

Trotski ertəsi gün xəstəxanada keçinir. Onunla vidalaşmağa üç yüz min insan gəlmişdi...



Bu hadisədən təxminən bir il sonra Beriya Stalinə Trotskinin aradan götürülməsi əməliyyatında iştirak edən altı nəfərin SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olunması barədə təqdimatla müraciət edir. Qatilin anası Mariya Karidad Merkader SSRİ-nin ən yüksək ordeni olan “Lenin ordeni” ilə təltif edilir.

Əməliyyatın yerdə qalan digər iştirakçıları “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə mükafatlandırılmışdılar. 1941-ci il iyun ayının 17-də, Almaniyanın SSRİ-yə hücum etməsindən dörd gün əvvəl Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin İnqilabi Hərbi Şuranın sədri və Qızıl Ordunun qurucusu Lev Trotskinin aradan götürülməsi əməliyyatının iştirakçılarına ordenləri təqdim etmişdi.

Əməliyyat təxəllüsü “Ana” olan M.Karidad Merkader sonralar Fransada yaşamağı üstün tutaraq, SSRİ-ni tərk etmişdi. Öz oğlunu qurban verdiyi üçün ona ömürlük təqaüd kəsilmişdi.

Ramon Merkader məhkəmədə Trotskinin qətlə yetirilməsinə dair göstərişi SSRİ-dən aldığını təkzib edib. SSRİ kəşfiyyatı onu həbsxanadan qurtarmağa çalışsa da, buna nail ola bilməmişdi. O, iyirmi il həbs cəzası çəkmiş, yalnız 1960-cı ildə azadlığa çıxa bilmiş və SSRİ-yə gətirilmişdi. 1960-cı il may ayının 31-də “xüsusi tapşırığın yerinə yetirilməsindəki qəhrəmanlıq və cəsarətinə görə” ona məxfi şəkildə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.



İyun ayının 8-də Kremldə DTK sədri Aleksandr Şelepin ona “Qızıl Ulduz” ordeni təqdim etmişdi. R.Merkaderə Ramon İvanoviç Lopesin adına olan Sovet pasportu verilmiş, o, mənzil və işlə təmin edilmişdi.

1974-cü ildə o, Moskvada yaşamaq istəməyərək, Kubaya getmiş və orada Daxili İşlər Nazirliyində general rütbəsində xidmət etmişdi.

Merkader 1978-ci il oktyabr ayının 18-də Kubada sarkoma xəstəliyindən ölür. XX əsrin ən məşhur agentlərindən biri cəmi əlli doqquz il yaşamış, onun iyirmi ilini başqa adla həbsxanada keçirmişdi.

Öləndən sonra Merkader gizli şəkildə Moskvaya gətirilərək, orada özgə adla dəfn edilmişdi.

Nəzakət Məmmədova
AzVision.az üçün


Teqlər: Trotski   Merkader  





Xəbər lenti