Bakı şəhər prokuroru: "Ağır cinayətlərin sayı azalıb"

Bakı şəhər prokuroru: "Ağır cinayətlərin sayı azalıb"
  04 May 2018    Oxunub:2461
Həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı Şəhər Prokurorluğu da inkişaf yolu keçmiş, qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlar əldə edib.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Bakı şəhər prokuroru qeyd edib ki, hazırda Bakı Şəhər Prokurorluğu və ona tabe rayon prokurorluqları Azərbaycan Konstitusiyasını, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq Bakı şəhərində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

"Paytaxtın prokurorluq orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilir. Həmçinin bu kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunur. Bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsidir. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib.

Mühüm vəzifə öhdəliklərimizdən olan cinayətkarlıqla səmərəli mübarizə, qanunçuluğun müdafiəsi, ədalət mühakiməsinin uğurla təmin olunması əsas diqqət yetirdiyimiz məsələlərdir. Cəmiyyətdə böyük rezonans doğuran xuliqanlıq və bu kimi kateqoriyadan olan işlər üzrə kəsərli tədbirlərin görülməsi, vaxtında cinayət işlərinin başlanaraq, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaqla barələrində ən ciddi qətimkan tədbirlərinin seçilməsinin təmin edilməsi ictimaiyyətdə razılıqla qarşılanır".

AzVision.az


Teqlər: Prokuror   Bakı  





Xəbər lenti