Ziyadxanov qardaşları - 72 günlük deputatlıq, “Vıborq” bəyannaməsi və 3 ay həbs (VİDEO)

Ziyadxanov qardaşları - 72 günlük deputatlıq, “Vıborq” bəyannaməsi və 3 ay həbs (VİDEO)
  25 Aprel 2018    Oxunub:18948
Cümhuriyyət dövrü barədə silsilə yazılarımızın budəfəki qəhrəmanları İsmayıl xan və Adil xan Ziyadxanov qardaşlarıdır. İsmayıl xan o dönəmdə 2-ci hökumətin tərkibində hərbi işlər üzrə müvəkkil, daha sonra xarici işlər nazirinin 1-ci müavini olub.

Adil xan Ziyadxanov da xarici işlər naziri Ə.Topçubaşovun müavini işləyib. Xarici işlər naziri İstanbulda olduğu üçün nazir vəzifəsini o, icra edib. 1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından Adil xan Ziyadxanov qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini kimi fəaliyyət göstərib. 1920-ci ilin 15 yanvarında Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana göndərilib.
Mövzu ilə bağlı müsahibimiz tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizdir. O, 20-ci yüzilliyin əvəllərində Azərbaycanın ictimai-siyasi həyatında dərin iz qoymuş Ziyadxanovlar nəsli ilə bağlı önəmli faktları açıqlayıb.



- Ziyadxanov qardaşları ruslarla sonacan vuruşan və bu yolda ölümü üstün tutan Gəncə xanı Cavad xanın kötücəsi idilər. Onlar həmçinin ana tərəfdən də şah nəslindən idilər. Anaları Humayun xanım Bəhmən Mirzənin qızı olub. Bu nəsil hələ 1804-1805-ci illərdən rus zülmünün ağırlığını, çətinliyini öz üzərilərində hiss ediblər. Çox çətinlikdən sonra onların bir qismi 19-cu əsrin ikinci yarısında müəyyən qədər bəraət alaraq Rusiya ali məktəblərində təhsil almağa nail olublar. Bunlardan biri də İsmayıl xan Ziyadxanov idi. O, Gəncədə gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsil alıb qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Ən əsası odur ki, 20-ci yüzilliyin əvəllərində Azərbaycanda başlayan azadlıq hərəkatının fəal üzvülərindən olub.



Milli azadlıq hərəkatı başlayanda çar Rusiyası xalqı bu mübarizədən çəkindirmək məqsədi ilə ermənilər və azərbaycanlılar arasında milli qırğın törətdi. Azərbaycan xalqı silahsız, köməksiz və ölümə məhkum edilmiş vəziyyətdə idi. Ermənilərə hər tərəfdən - Rusiyadan, Avropadan, o cümlədən Türkiyə və İranda yaşayan ermənilərdən kömək gəlsə də, bizə heç bir yerdən kömək gəlmirdi. Xoşbəxtlikdən həmin dövrdə Azərbaycanda xalqın qeyrətini çəkən, onu ölümdən qurtarmaq üçün çalışan ziyalılar yetişmişdi. Belə ziyalılardan biri də Əhməd bəy Ağaoğlu idi. Həmin dövrdə o, “Difai” partiyasını yaratdı. “Difai”nin ən güclü qollarından biri Gəncədə fəaliyyət göstərirdi. Ora Ziyadxanov və Xasməmmədov qardaşları, Ələkbər bəy Rəfibəyov, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm rol oynayan digər adamlar daxil olmuşdular. Adil xan və İsmayıl xan qardaşları Yelizevetpoldakı qolun nümayəndələri kimi adamların silahlandırılması, maarifləndirilməsi, eyni zamanda onların təşkil edilməsində əvəzsiz xidmət göstəriblər.

İsmayıl xan həmin dövrdə bütün Yelizevetpolda əhali içində böyük nüfuz qazandı. Həm özünün ədalətliliyi, həm işə can yandırıb qayğı göstərməsi ilə qazandığı bu hörmət sonradan Rusiya 1-ci Dövlət Dumasına seçkilərdə də əhalinin ona inamının artmasına səbəb oldu. Təsadüfü deyil ki, İsmayıl xan Ziyadxanov Yelizavetpoldan deputat seçilmişdi..

72 günlük deputatlıq, “Vıborq” bəyannaməsi və 3 aylıq həbs

- Dumaya cəmi 22 müsəlman seçilmişdi. Bu 22 nəfər müsəlman fraksiyasının içərisindən 7 nəfərlik bir büro yaradılmışdı ki, onun fəaliyyəti daha yaxşı əlaqələndirilsin. Çünki müzakirəyə çıxarılmalı olan məsələlər əvvəlcə müsəlman fraksiyasının iclasında və müsəlman fraksiyasının daxil olduğu “Kadet” partiyasının iclaslarında müzakirə olunduqdan sonra Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılmalı idi. Bu 7 nəfərdən ikisi - Əlimərdən bəy Topşubaşov və İsmayıl xan Ziyadxanov azərbaycanlı idilər.

Əgər İsmayıl xan Ziyadxanovun ümumiyyətlə, heç bir fəaliyyəti olmamış olsaydı, təkcə 1-ci Dövlət Dumasındakı çıxışları ona heykəl qoymağa yetərdi. Çünki o, Rusiyanın məhkumu olan müsəlmanların acınacaqlı vəziyyətini qaldırıb, onlara qarşı edilən ayrıseçkiliyə kəskin etirazını bildirib və xristian xalqlarına verilən hüquqların onlara da şamil edilməsini dəfələrlə təkid edib.

Azərbaycan və Baltikyanı ölkələrə rus əhalisinin yerləşdirilməsinə etiraz edib. Onun ən güclü çıxışlarından biri Rusiyanın Azərbaycanı işğal etməsi ilə bağlıdır. Həmin dövrdə azərbaycanlı ziyalıların əksəriyyəti işğal sözünü dilə gətirməyə ehtiyat edirdi. O, isə ilk dəfə olaraq Rusiyanın dövlət dumasında rus nazirlərin və dövlət adamlarının üzünə qarşı Azərbaycanın işğal edildiyini açıq şəkildə bildirib kəskin etiraz etmişdi.


(İsmayıl xan Ziyadxanov)

Boran Əzizin sözlərinə görə, İ.Ziyadxanov qeyd edirdi ki, Azərbaycan sahibkarlarına müəyyən qədər mülkiyyət hüququ verilsə də, siyasi hüquqlarının tanınmaması böyük ədalətsizlikdir. Daha sonra azərbaycanlı gənclərin Rusiyanın bir çox ali məktəblərində, xüsusi ilə birinci dərəcəli dövlət işlərində işləməyə zəmanət verən məktəblərdə oxumalarına imkan verilməməsini də ayrıseçkilik kimi qiymətləndirirdi.

- O, birinci dövlət duması buraxılanda olduqca qətiyyətli mövqe tutan azsaylı deputatlardan biri olub. Məsələ burasındadır ki, aqrar məsələyə görə dövlət duması ilə çar və onun ətrafının mövqeyi arasında kəskin ziddiyət yaranmışdı. Və ona görə Dumanın 72 gündən sonra fəaliyyəti dayandırıldı. Bir qrup deputat bununla razılşamadı və tarixdə “Vıborq” adlanan bəyannaməni imzaladılar. Onlar içərisində Əlimərdan bəy Topçubaşovla İsmayıl xan Ziyadxanovun da imzası var idi. Onlar çarın xalqın seçkisi ilə seçilmiş adamların qanunverici orqandakı fəaliyyətinə son qoymaq hüququnun olmadığını bildirməklə adamları çar məmurlarının tapşırıqlarını yetirməməyə səsləyirdilər. Bu, hökmət orqanlarının nəzərində itaətsizlik kimi qiymətləndirildi. Ona görə də həmin deputatlar istintaq orqanlarına verildi. Əvəzində çar höküməti onları 3 aylıq həbs cəzasına məhkum etdi. Beləliklə bir daha nə seçkili orqanlarda iştirak edə, nə də vəzifə tuta bilərdilər.



Vətənə qayıdan İsmayıl xan öz qardaşı Adil xanla birlikdə “Müdafiə” adlı bir təşkilat qurdu. Əsas məqsədi azərbaycanlıları maarifləndirmək, onları təşkilatlandırmaq, ermənilərə və çarizmə qarşı müdafiəni mütəşəkkil formaya salmaqdan ibarət idi. Təşkilatın möhürü isə kitab, tərəzi, saman tayası və bir birinə çarpaz keçirilmiş qılıncdan ibarət idi.

Qafqaz müsəlmanlarının qurultayı: Ərazi muxtariyyəti tələbi, qadınlara seçki hüququ verilməsi

-İsmayıl xan 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında iştirak etmişdi. Qurultayda digər fikirlərlə yanaşı, Rusiyanın gələcəkdə federativ –demokratik dövlət olması və Rusiya məhkumu olan İdil, Ural türklərinə, Başqırdıstana, qırğızlara, bir də Azərbaycan türklərinə ərazi muxtariyyətinin verilməsi, digər müsəlmanlara isə mədəni muxtariyyət verilməsi ideyası irəli sürülmüşdü. Ərazi muxtariyyəti ideyasını müdafiə edən iki qüvvə idi. Onun biri Bakıda Məmməd Əmin Rəsulzadənin “Müsavat”, digər isə Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi "Türk -Ədəmi Mərkəziyyət" paratiyası idi. İsmayıl xan Ziyadxanov da Nəsib bəyin partiyasının sıralarında idi. 1917-ci iln aprelində ərazi muxtariyyəti ideyasının qəbul ediməsində onun da verdiyi səsin, qurultayda iştirak edən nümayəndələr arasındakı nüfuzunun və bu nüfuzdan istifadə etməsinin böyük əhəmiyyəti oldu. Aprel qurultayında təkcə ərazi muxtariyyəti məsələsi müzakirə olunmadı. İlk dəfə müsəlman və türklərin yaşadığı ərazi və təşkilatlarda qadınlara seçki hüququ verilməsi məsələsi qoyuldu. Burada məktəb, maarif məsələsi, eyni zamanda milli ordunun yaradılması müzakirə olundu. Bir sözlə, bütün hallarda bu qurultay həlledici oldu.



- 1917-ci ilin mayında Moskvada Ümumrusiya Müsəlmanlarının qurultayı keçirildi. Bu qurultayda Azərbaycandan iştirak edən nümayəndələr arasında İsmayıl xan da var idi. Orada da çox maraqlıdır ki, tatar ziyalısı Əhməd Salikovun təklifi yox, Məmməd Əmin Rəsulzadənin Rusiya məhkumu olan türklərə ərazi muxtariyyəti verilməsi ideyası qəbul olundu və beləliklə, Rusiyadakı milli mücadilə yeni mərhələyə qədəm qoydu.

Həmin dövrdə Azərbaycanın ayrı-ayrı bölgələrində müsəlman ictimai təşkilatlarının müvəqqəti komitələri yaranırdı. O cümlədən, Gəncədə 7 nəfərdən ibarət adamlar seçilmişdi. Bunlardan biri də İsmayıl xan idi. O, Gəncə milisinə rəhbər təyin edilmişdi. Şamaxıdakı qırğınlarla bağlı xəbəri eşitdikdə azsaylı dəstəsi ilə İsmayıl xan ora köməyə gəlmişdi. Xeyli sayda insanların azad olunmasına nail olmuşdu. Stepan Şaumyan onu bolşevizm üçün ən təhlükəli adam adlandırmışdı.



Ziyadxanov qardaşlarının diplomatik vəzifəsi - Cumhuriyyətin İran tərəfindən tanınması

- Cumhuriyyət qurulduğu dövrdə İsmayıl xan Xarici işlər Nazirliyində yüksək vəzifə tutdu. Azərbaycan xarici siyasətinin formalaşması və beynəlxalq miqyasda tanınmasında özünün bilik və bacarığını əsirgəmədi. Həmin dövrdə İran Azərbaycan cumhuriyyətini tanımaqdan qətiyyətlə imtina edirdi. Bəhanə edirdi ki, Azərbaycan adı guya Azərbaycan xalqı tərəfindən deyil, Türkiyə hərbiçiləri tərəfindən irəli atılmış ideya olub və məqsədləri İranı parçalamaqdan, bölməkdən ibarətdir. Onlar Mudros müqaviləsinə qədər bu məslədə o qədər də etiraz etmirdilər. Mudros müqaviləsindən və Osmanlı dövləti məğlub olandan sonra Azərbaycanı yenidən öz torpaqlarına qatmaq iddisasına düşdülər. Hətta bununla bağlı həmin dövrdə "İran" və "Gülşən" qəzetlərində silsilə yazılar getdi. Bu yazılara ən kəskin və tutarlı cavab verən Rəsulzadə olmuşdu. Rəsuzladə doğru qeyd edirdi ki, ad məsələsi bəhanədir. Azərbaycanın milli azadlıq hərəkatına başlayan insanlar əvvəlcədən də Azərbaycan adlı dövlət qurmağa çalışırdılar.

Bütün bu məsələləri aradan qaldırmaq üçün Azərbaycan hökuməti qərara gəldi ki, Ziyadxanov qardaşlarının qüvvəsindən istifadə etsin. Onlar bir tərəfdən İranda hakimiyyətdə olan Qacarlarla qohumluq əlaqəsinə malik idilər, həm də böyük nüfuzları var idi. 1919-cu ilin əvəllərində İsmayıl xan Ziyadxanovun başçlığı altında İrana nümayəndə heyyəti göndərildi. Gəldikləri razılaşmalardan biri də İranda və Azərbaycanda səfirliklərin, konsulluqların açılması, poçt, rabitə, gömrük və digər məsələlərdəki işləri yoluna qoymaq idi.



- Onların səfəri haqqında İran qəzetləri yazırdılar ki, “Bizlərdən biri gəlmişdir”. Elə bir dönəm idi ki, həmin vaxt Rusiya da İranı bolşevik hakimiyyətinin tanınmasına razı salmaq istəyirdi. Bunun müqabilində isə Azərbaycanın bir hissəsini İrana verməyə razı idi. Belə vəziyyətdə Ziyadxanov qardaşları cümhuriyyətin İran hökuməti tərəfindən tanınmasında və Rusiyanın Azərbaycan hesabına özünü tanıtmaq istəyinin qarşısını almaqda öz bilik, bacarıq və bütün əlaqələrini əsirgəməmişdilər. Sonda bu da uğurla nəticələnmişdi.1920-ci ilin mart ayında İran Azərbaycanın müstəqilliyini tanıdı və səfirlər fəaliyyətə başladı. Adil xan Ziyadxanov Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri oldu. O, Azərbaycan hökumətinə məktubunda yazırdı ki, hökumət üzvlərindən fərqli olaraq yerli əhali Azərbaycan Cümhuriyyətini ürəkdən alqışlayır, sevinir. İşin belə gedəcəyi təqdirdə gələcəkdə Güney Azərbaycanın İrandan ayrılması və özünü müstəqil elan etməsi ehtimalı yüksəkdir.


(Adil xan Ziyadxanov)

- Adil xanın bu dönəmə kimi bir neçə fəaliyyətini qeyd etmək lazımdır. 1905-1906-cı illərdə çara yazılan bir sıra məktublarda onun imzası vardı. 1905-ci ildə Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseyinzadə, Əhməd bəy Ağaoğlu ilə bərabər çar hökumətinə müsəlmanların ayrıseçkiliyə məruz qalması və bunun aradan qaldırılmasının zəruruliyi ilə bağlı petisiyanın imzalanmasında da rolu vardı. O, bir sıra xeyriyyə cəmiyyətinin təşkilində, yaradılmasında yaxından iştirak etmişdi. 1918-1919-cu illərdə Azərbaycan hökuməti adından Gürcüstan və Ermənistana nota göndərmişdi. Çünki onlar müharibə aparırdılar. Müharibə nəticəsində azərbaycanlıların yaşadıqları torpaqlar tapdaq altında qalırdı, evləri dağıdılırdı. Gürcü hökuməti azərbaycanlıları qədim torpağımız olan Borçalıda sxışıdırırdı. Tiflis konfransında Nəsib bəy Yusifbəyli və Məmmədhəsən Hacınski ilə bərabər Ermənistan və Gürcüstanla aparılan danışıqlarda yaxından iştirak etmişdi.



Diplomat qardaşların sonrakı taleyi

- Təəssüf ki, cumhuriyyətin süqutu bir ildən sonra Adil xanın istefa verməsinə səbəb oldu. Bir müddət İranda qalıb işləsə də, sovetlərin təqibi onu İstanbula köçməyə məcbur etdi. İstanbul universitetində müəllimlik etdi, vəkilliklə məşğul oldu. 1954-cü ildə orada həyata vida etdi. İsmayıl xanın taleyi isə daha faciəli oldu. Azərbaycan cumhuriyyəti bolşeviklər tərəfindən devrildikdən sonra ilk andaca məhkəməsiz, istintaqsız onu güllələdilər.



Şahanə Rəhimli
Foto :Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Ziyadxanov   Cümhuriyyət  





Xəbər lenti