Azərbaycanda devalvasiya gözlənilmir

Azərbaycanda devalvasiya gözlənilmir
  17 Aprel 2018    Oxunub:5502
"Mərkəzi Bank bankları vaxtında valyuta ilə təmin edir. Buna görə də təşvişə heç bir səbəb yoxdur"

AzVision.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə valyuta məzənnələrinin volatilliyi ölkədə psixoloji gərginlik yaradıb:
"Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Dolların bahalaşmasına heç bir makroiqsadi əsas yoxdur. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq imkanları yoxdur. Bu onu deməyə əsas verir ki, Azərbaycanda devalvasiya gözlənilmir. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşna 800-1300 dollar alınıb"- İbrahim Alışov deyib.

Qeyd edək ki, bu gün Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdikləri imzalanma mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası rəsmən təsis edilib. 8 ölkə - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosiasiyanın üzvləri olub. Daha bir neçə ölkənin də bu quruma qoşulacağı gözlənilir.

Tədbir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənir.

AzVision.az








Teqlər: Dollar   Devalvasiya   Bank  





Xəbər lenti