Bakıda 1 milyonluq maşın sürənlər də var - “Ferrari”, “Bugatti” və “Lamborghini”...

Bakıda 1 milyonluq maşın sürənlər də var -  “Ferrari”, “Bugatti” və “Lamborghini”...
  13 Aprel 2018    Oxunub:40358
2018-ci il yanvar ayının 1-ə olan vəziyyətə görə Azərbaycanda avtomobillərin sayı 1342,3 min ədədə çatıb. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatıb. Komitə sədri vurğulayıb ki, hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili var.
"Əmlak Ekspert Mərkəzi"nin direktoru Ramil Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mövcud avtomobil parkının təqribən 70 faizdən çoxunu 2000-ci ildən əvvəl istehsal olunmuş avtonəqliyyat vasitələri təşkil edir.

“Köhnə avtomobillər, hətta istehsal müddəti başa çatmış avtonəqliyyat vasitələrinin sayı həddindən artıq çoxdur. Ekoloji baxımdan ölkədəki istismar müddətini keçmiş avtomobillərin utilirizasiyasına ehtiyac var. Hal-hazırda Azərbaycanda 1 milyon 3 yüz mindən çox nəqliyyat vasitəsi qeydiyyata alınıb. Onun 1 milyondan bir qədər çoxu minik avtomobilləri, qalanları isə yük avtomobilləri, xüsusi avtotəyinatlı nəqliyyat vasitələri və digərləridir”.



R.Osmanlı bildirib ki, bu gün ölkədə ucuz avtomobillərə ehtiyac daha çoxdur. “Bunu uzun illərin təcrübəsində də müşahidə edirik. Ucuz maşınlar əsasən Rusiya, İran və Çin ölkələrinin istehsal etdiyi nəqliyyat maşınlarıdır. Bahalı avtonəqliyyat vasitələri avtomobil parkının təqribən 15-20 faizini təşkil edir. Burada orta bazar dəyərindən yüksək olan maşınlar-təqribən dəyəri 40 min manatdan yüksək olan avtonəqliyyat vasitələri nəzərdə tutulur”.



Ekspert bildirib ki, son illər avtomobil parkının yenilənməsi istiqamətində müəyyən addımlar atılır
“Sovetlər dönəmindən qalan və istismara yarasız olan maşınların istifadəsi artıq yavaş-yavaş azalır. Çünki belə avtomabillərin artıq ehtiyat hissələri də tapılmır. Yanacaq sərfiyatı baxımından Azərbaycanda tədricən ekonom avtomobillərə keçid baş verir. Bunu dizellə işləyən, həm də mühərrik həcmi kiçik olan avtomobillərin sayının artımında da müşahidə etmək olur”.



R.Osmanlı Bakıda dəyəri 1 milyon manata yaxın olan avtonəqliyyat vasitələrinin olduğunu vurğulayıb. “Amma rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtonəqliyyat vasitələri arasında 250 min manat dəyərində olan avtomobillər də var. Bu, xüsusilə “Mercedes Benz”, BMW, “Porshe”, “Lexus” markalarına aid iri mühərrikli avtionəqliyyat vasitələridir. Bununla yanaşı, “Ferrari”, “Bugatti”, “Maserati”, “Lamborghini” modellərinə paytaxtda rast gəlinsə də, kütləvi istismarı mövcud deyil, sayları çox azdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti