Hindistan-Azərbaycan biznes-forumu keçirilib

Hindistan-Azərbaycan biznes-forumu keçirilib
  14 Mart 2018    Oxunub:1331
Bu gün Bakıda Hindistan-Azərbaycan biznes-forumu keçirilib.
Forumun açılışında çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdiyini və bu əlaqələrin hər iki tərəf üçün prioritetlərdən olduğunu vurğulayıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çıxışında Hindistan ilə Azərbaycan arasında ticarət və investisiya əlaqələrindən danışıb. O deyib ki, Hindistan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda 15-ə yaxın Hindistan şirkəti fəaliyyət göstərir. Azərbaycan və Hindistan arasında ümumi ticarət dövriyyəsi yarım milyard dollara bərabərdir. Hindistan Azərbaycana 200 milyon dollardan çox investisiya yatırıb. Ölkəmizdə Hindistan iş adamlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Forumun Azərbaycan ilə Hindistan arasındakı iqtisadi əlaqələrdə yeni bir mərhələ olduğunu qeyd edib. O deyib ki, bu gün açılışı olan Hindistanın ən yaxşıları - eksklüziv Hindistan məhsulları sərgisi Azərbaycan və Hindistan iş adamları arasında əlaqələri daha da yaxşılaşdıracaq.

Forumda Hindistanın PHD Ticarət və Sənaye Palatasının nümayəndələri də çıxış edərək biznes əlaqələrinin inkişafının əhəmiyyətindən danışıblar.

Sonda PHD Ticarət və Sənaye Palatası və AZPROMO, eləcə də PHD Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma memorandumları imzalanıb.

AzVision.az


Teqlər: Hindistan   Azərbaycan   Forum  





Xəbər lenti