Ötən il Azərbaycandan keçməklə 25 min tır yük daşınıb

Ötən il Azərbaycandan keçməklə 25 min tır yük daşınıb
  13 Mart 2018    Oxunub:2575
“Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmir aparılır”.
AzVision.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O xatırladıb ki, 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.

“Bu, region ölkələri arasında əlaqələri gücləndirib. Həmçinin vahid tranzit tariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Ötən il həmçinin ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb və bu da müvafiq olaraq 2016-cı ildəkindən 16 faiz çoxdur. Daşınan məhsulların 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullarıdır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinə, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub”.

N. Səfərov tədbir iştirakçılarını Bakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan həm ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə Şimal-Cənub Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".

Eldar Tanrıveridyev
AzVision.az



Teqlər: TIR   Yükdaşıma  





Xəbər lenti