Çürümüş saqqızı tüpürmək lazımdır – Mitinqin şərhi

Çürümüş saqqızı tüpürmək lazımdır – Mitinqin şərhi
  10 Mart 2018    Oxunub:16771
Bu gün radikal müxalifət yenidən “Məhsul” stadionunda əgər belə demək olarsa, mitinq keçirdi. Əslində belə demək olmaz, çünki həmin aksiyalar mahiyyətcə mitinq yox, kiçik bir qrupun həmişə eyni adamların iştirakı ilə keçirdiyi korporatiov toplantıdır. Hər dəfə eyni simalar yığışır, eyni fikirləri səsləndirib, eyni şüarları qaldırıb, iki saatdan sonra dağılışırlar ki, Əli Kərimli xaricdə bağlı olduğu dairələrə həqiqətən də “işlədiyini” göstərə bilsin.
Radikallar bu mitinqi niyə keçiridilər? Əgər onları həqiqətən də, mitinqdə dedikləri kimi, seçkilərin azad və demokratik keçirilməsi maraqlandırırsa, hər şeydən əvvəl, onda iştirak etmək lazım idi. Bütün dünyada seçki saxtakarlığını ifşa etməyin bircə yolu var, o da budur: Seçkiyə qatılırsan, əgər məntəqələrdə pozuntular baş verirsə, sənin nümayəndələrin onları qeydə alır, toplayır və sonda əlində olan bütün faktları məhkəməyə təqdim edirsən. Mitinq keçirib, stadionun divarına dırmaşıb, özünün qatılmadığın seçkinin guya saxtalaşdırıldığını iddia etmək isə demaqogiyadan başqa bir şey deyil.

İkinci tərəfdən, müxalifətin radikal olmayan digər cinahı – “Real” hərəkatı mitinqə qatılmayacağını bəyan etmiş və onun keçirilməsinə görə Milli Şuranı ciddi tənqid etmişdi. Radikallar da cavab vermiş, nəticədə, mitinq ərəfəsində iki cinahın arasında gərginlik yaranmış, onsuz da zəif və parça-parça olan müxalifətin vəziyyəti bir az da ağırlaşmışdı. Bu da mitinqin əvvəlkilərdən daha da zəif alınmasına öz təsirini göstərirdi.

Amma bugünkü mitinqin tabutuna vurulan ən böyük mıx Əli Kərimlinin Londonda yaşayan oğlu Türkelin aksiyadan bir neçə gün qabaq sosial şəbəkədə yayılan yeni şəkilləri idi. Açığı, belə bir təəssürat yaranır ki, sanki Türkel qəsdən atasının işini pozmağa və sabotaj etməyə çalışır. Əks halda, atasının əleyhinə kompromat yaratdığını bilə-bilə onun Londonda eyş-işrət məclislərinə qatılıb, şəkillərinin çəkildiyini gördüyü halda, kameraya bir-birindən biədəb pozalar verməsini anlamaq mümkün deyil. Bir qayda olaraq, tez-tez məmur övladlarının harınlığının tənqid edən Əli Kərimlinin öz övladının bu cür harınlığı onun bütün arqumentlərini əlindən alır və ağzına vurulan yekə bir möhürə çevrilir.

Nəticədə elə bir vəziyyət yaranır ki, Əli Kərimli özü-özünü tamamilə Azərbaycan siyasətində küncə sıxışdırır və diskreditasiya edir. O:
- Seçkilərdən danışa bilməz, çünki özü prosesə qoşulmayıb;
- Korrupsiyadan danışa bilməz, çünki özünün gəlir mənbələri tamamilə qaranlıq və şübhəlidir;
- Məmur özbaşınalığından danışa bilməz, çünki öz övladlarının harınlığı bütün ölkəyə məlumdur.

Bəs elə isə, nədən danışa bilər? Məsələ də elə ondadır ki, heç nədən. Artıq hər kəs başa düşür ki, özünü gətirib bu nöqtəyə çatdran Əli Kərimlinin sadəcə, susması ən düzgün yol olardı. Çünki danışdıqca özünü daha çox biabır edir və daha çox palçığa batır.

Vaxtilə məşhur bir saqqız reklamında deyilirdi ki, “Bəzən danışmaqdansa, çeynəmək yaxşıdır”. Milli Şura uzun müddət ərzində öz mitinqlərini məhz bu tövsiyəyə uyğun keçirib: hər dəfə eyni fikirləri saqqız kimi çeynəyiblər. Amma hər saqqızın gec-tez çürüdüyü vaxt da olur. Milli Şuranın “syasi məhbus”, “azadlıq”, “korrupsiya” kimi saqqız-şüarları da çoxdan çürüyüb. Tüpürmək lazımdır. Radikallar bunu etmək istəmədiyi üçün cəmiyyət edib: çürümüş saqqızları da, saqqızlara da çoxdan türüpüb. Elə onları çeynəyənlərə də.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Mitinq   Milli-Şura   Radikal-müxalifət  





Xəbər lenti