Qızıldan gəlirimizi necə artıra bilərik? – TƏHLİL

Qızıldan gəlirimizi necə artıra bilərik? – TƏHLİL
  09 Mart 2018    Oxunub:6215
Bu ilin yanvarında ölkəyə 81,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Ümumiyyətlə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verilir ki, 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1/3 həcmdə çox deməkdir.
Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, ilin ilk ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları sırasında sikkə kəsilməsində istifadə olunmayan və digər emal olunmamış formalarda qızıl məhsulu birinci yerdə qərarlaşıb. Yəni, 17 milyon dolları məbləğındə. Və qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında 8 fərqlənən şirkətlərdən biri də məhz, “Azergold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

Yeri gəlmişkən, adı çəkilən şirkət 2017-ci ildə ümumilikdə 70 min unsiya qızıl və 90 min unsiya gümüş satışından 85 milyon ABŞ dollarından çox, yəni, 145 milyon manata yaxın məbləğdə gəlir əldə edib. Bu onu göstərir ki, Azərbaycanda bu sahədə böyük potensial mövcuddur. Və qeyri-neft məhsulları sirasında qizil və gümüş ixracı hesabına xeyli həcmdə valyuta vəsaiti cəlb etmək mümkündür.

Bəs, bu sahədə ümumən vəziyyət necədir? Ümumiyyətlə, qızıl istehsalı sahəsində hardan gəlmişik və hara gedirik?

Məlumdur ki, Azərbaycan təbii sərvətlər sarıdan zəngin ölkədir. Bizim yerüstü və yeraltı sərvətlərimiz kifayət qədərdir. Lakin, sərvətin olması onun həm də istifadə edildiyi demək deyil. Çünki bunun üçün müvafiq texnologiya, kadr potensialı və investisiya lazımdır. Bunların hər biri isə elə amildir ki, təkcə daxili imkanlar hesabına, yalnız Azərbaycan dövlətinin və hökumətinin gücünə əldə edilə bilməz. Mütləq xaricə müraciət etmək tələb olunur.

Məsələn, adi bir misal çəkim. Ölkəmizdə hələ sovet dövründən əvvəl neft çıxarılırdı. SSRİ dövründə isə bu sahədə böyük infrastruktur formalaşdı. Və dənizdən də neft çıxarılmağa başlandı. Ancaq müstəqillik əldə etdikdən sonra bu sahəni əldə saxlamaq və inkişaf etdirmək üçün xarici şirkətlərə müraciət etməli olduq. Və belə olub "Əsrin müqaviləsi" bağlandı. Çünki bizim özümüzün buna imkanı yox idi. Belə ki, nə pul var idi, nə texnologiya, nə də tələb olunan səviyyədə kadr potensialımız.... Odur ki, "BP" kimi xarici şirkətləri dəvət etdik.

Ancaq burada söhbət neftdən gedirdi. Neft dünya bazarlarında ən yaxşı və sürətlə reallaşan məhsuldur. Amma elə resurslar vardır ki, onların əldə olunmasına və realizə işlərinə bütün lazım olan vasitələri qısa müddət ərzində cəlb etmək və istənilən nəticəyə nail olmaq çətindir. Bunlardan biri də qızıldır.

Təsadüfi deyil ki, Azərbaycanda qızıl hasilatının - sənaye üsulu ilə qızıl metalının hasil edilməsi tarixinə nəzər yetirsək, onun bu yaxınlara təsadüf etdiyini görərik. Yəni ki, müstəqillik illərimizə...

İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Məlum olduğu kimi, bu işlə 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti məşğul olur. 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə ölkəmizin pay hissəsi 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin isə 49% təşkil edir. Müqaviləyə əsasən, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılırdı.

Bəzən qeyd edirlər ki, ölkədə sözügedən sahədə, başqa sözlə desəm, mövcud potensialdan tam istifadə olunması istiqamətində həyata keçirilməsi tələb olunan addımlar lazımi səviyyədə atılmır. Deməzdim ki, Azərbaycanda qızıl hasilatı və ümumiyyətlə, bu sahədə müvafiq sənayenin formalaşdırılması istiqamətində işlər ləng aparılıb və yavaş gedir. Bu sahədə dövlətimiz və hökumət indiyədək bir sıra addımlar atıb. “AzerGold” QSC yaradılıb. Hazırda qızıl “AzerGold” QSC tərəfindən Daşkəsənda və "Anglo-Asian Mining” şirkətii tərəfindən Gədəbəydə hasil olunur. 2017-ci il ərzIndə Azərbaycanda 6 390,8 kiloqram qızıl hasil olunub. DSK-nın məlumatına əsasən, bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 3,4 dəfə çoxdur. Bu ilin yanvarın 1-nə 100,6 kiloqram hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə 704,7 kiloqram gümüş istehsal edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 94,8% çoxdur. Bu il yanvarın 1-nə 143,9 kiloqram hazır məhsul ehtiyatı yaranıb. Yəni, demək istədiyim budur ki, qızıl neft deyil. Operativ şəkildə investisiya cəlb ettmək, realizə imkanları aşağıdır. Yataqlar kəşf olunmalı, əlavə pul qoyulmalı, müvafiq infrastruktur formalaşdırılmalıdır.

Bundan əlavə, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağımız var. Yəni, obyektiv maneələr də mövcuddur. Bu mənada öllkəmizdə qızıl hasilatı hələki qənaətbəxş vəziyyətdədir. Ancaq qarşıda yeni-yeni yataqların aşkar olunacağı və əlavə investisiyaların cəlb olunacağı gözlənilir. Hesab edirəm, neftdənkənar sahələrin inkişafı prioritet təşkil etdiyindən bu, həm də qızııl sənayemizə daha çox diqqətin ayrılacağı ilə nəticələnəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Qızıl   #İqtisadiyyat  





Xəbər lenti