Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
  08 Mart 2018    Oxunub:3063
Tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzVision.az-a verilən məlumata görə, H. Q. Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirib, 1971-1975-ci illərdə Cəhri kənd məktəbində müəllim işləyib. Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub.

“Azərbaycanlılarda müasir ailə (Naxçıvan MSSR kənd rayonlarının materialları əsasında) ” mövzusunda namizədlik, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında tarixi-etnoqrafik araşdırma)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən H.Q.Qədirzadə 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. O, 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyib. AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə elmdə əldə etdiyi nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!



AzVision


Teqlər: AMEA   Alim  





Xəbər lenti