“Microsoft” İnnovasiya Forumu keçiriləcək

“Microsoft” İnnovasiya Forumu keçiriləcək
  28 Fevral 2018    Oxunub:2167
“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək.
Bu barədə şirkətdən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və bir çox IT şirkətləri və startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək. Bununla yanaşı, forumda gənc istedadlar arasında keçirilən “Microsoft Imagine Cup 2018” beynəlxalq texnoloji müsabiqənin milli turu haqqında da ətraflı məlumat veriləcək.

Bundan başqa, tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, həmçinin “Windows” əsaslı cihazları, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcəklər.

“Forum müasir texnoloji yenilikləri əhatə edəcək yeni bir layihədir. Forumda ən son məhsullarımız və bulud texnologiyaları xidmətimiz təqdim edib, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Tədbirə qeydiyyat artıq başlayıb və deyə bilərəm ki, forumda Azərbaycanın gənc IT şirkətlərinin və xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum, həm də bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Microsoft-Azerbaijan  





Xəbər lenti