Məşhur ifaçı Heydər Əliyev Mərkəzində çıxış edəcək

Məşhur ifaçı Heydər Əliyev Mərkəzində çıxış edəcək
  23 Fevral 2018    Oxunub:2216
Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olacaq.
AzVision.az xəbər verir ki, Qoran Breqoviç Bakıdakı ilk konsertində rəhbərlik etdiyi orkestrin müşayiəti ilə məşhur filmlərə yazdığı, eləcə də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirəcək.

Gözəl musiqilər və oynaq ritmlərlə zəngin konsertin repertuarına “Kalaşnikov”, “Bella Çao”, “Maki Maki” kimi məşhur mahnılar daxildir. Konsertin biletləri Heydər Əliyev Mərkəzinin kassasında və rəsmi saytında (www.heydaraliyevcenter.az) satılır.

Qoran Breqoviç Şərqi Avropada “Ağ düymə” (“Bijelo Dugme”) rok qrupu ilə tanınıb, dünya şöhrətini isə filmlərə yazdığı musiqilərlə qazanıb.

O, 1970-ci illərdən müxtəlif ekran əsərlərinə musiqi bəstələyir. Bu sahədə ən uğurlu iş birliyi rejissor Emir Kusturitsa ilə alınıb. Onun “Qaraçıların zamanı” (“Time of the Gypsies”), “Arizona arzusu” (“Arizona Dream”) və 1995-ci ildə Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filmlərinə yazdığı musiqilər dünya şöhrəti qazanıb. Qoran Breqoviçin musiqi yazdığı, fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi də Kann festivalında iki mükafata layiq görülüb. Qoran Breqoviçin ekran əsərləri üçün bəstələri Balkan və qaraçı musiqilərinin elementləri ilə zəngindir.

O, bir sıra məşhur müğənnilər – Sezen Aksu, Kaya, Kşiştof Kravçik, Yorqos Dalaras ilə albomlar yazdırıb.

Qoran Breqoviçin müxtəlif musiqi mədəniyyətlərini duymaq və mənimsəmək bacarığı ona ayrı-ayrı xalqların nəğmələrini, eləcə də elektron musiqi elementlərini sintez etmək imkanı verir. 20 ildən artıq müddətdə bütün qitələrdə konsert verən musiqiçi indiyədək 3000-dən çox şou təqdim edib.

AzVision.az


Teqlər: Qoran-Breqoviç   Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti