STP Tacikistanı kabellərlə təchiz edəcək

STP Tacikistanı kabellərlə təchiz edəcək
  20 Fevral 2018    Oxunub:1924
“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında irihəcmli kabel satışı üzrə müqavilə imzalanıb.
AzVision.az xəbər verir ki, ilkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistanda həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində istifadə üçün alçaq, orta və yüksəkgərginlikli güc kabelləri ixrac edəcək.

İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Ravşan yarımstansiyasının inşası və yenidənqurulması” layihəsində iştirak etmək üçün müəssisə ilə qarşı tərəf arasında danışıqlar ötən ildən başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçi ilə iki illik tərəfdaşlıq müqaviləsi imzalanıb. Yenidən qurulacaq yarımstansiya tam olaraq STP-nin kabel zavodunun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq.

Qeyd edək ki, STP-nin kabel zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksəkgərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur.

AzVision.az


Teqlər: STP   Tacikistan  





Xəbər lenti