Tələbə olmaq istəyənlər üçün əla fürsət

Tələbə olmaq istəyənlər üçün əla fürsət
  16 Fevral 2018    Oxunub:5260
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.
Belə ki, kimsə yaz imtahanında I ixtisas qrupu üzrə imtahan veribsə, yay imtahanında II qrupda özünü sınaya bilər. Və ya abituriyent istəməsə, yay imtahanında eyni ixtisas üzrə imtahan verə bilər. Bundan başqa I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə imtahana qatılmaq şansı əldə edəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov AzVision.az-a bildirib ki, abituriyentin yaz imtahanında bir ixtisas qrupundan, yay imtahanında isə digər ixtisas qrupundan imtahan verməsi onlara əlavə imkanlar yaratmaq üçün yaxşı fürsətdir.

Ekspert hesab edir ki, dəyişikliyə əsasən, uzun müddət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər yaz imtahan nəticələri açıqladıqdan sonra kütləvi şəkildə digər ixtisas qrupuna keçid etməyəcəklər.



“Ali məktəblərə sənəd təqdim edən abituriyentlər uzun müddət bir ixtisas qrupu üzrə hazırlaşırlar. Ona görə də, yaz imtahan nəticələri açıqlandıqdan sonra abituriyenlər kütləvi şəkildə digər ixtisas qrupuna keçid etməyəcəklər.

Qeyd etmək istəyirəm ki, bir sıra fənlər bütün ixtisas qruplarında var. Məsələn, Azərbaycan dili, riyaziyyat və xarici dil. Əgər hansısa abituriyent I ixtisas qrupunda keçid balını toplaya bilməsə, o, III qrupda minimum bunu edə bilər. Belə ki, I ixtisas qrupuna daxil olan riyaziyyat fənninin ağırlıq dərəcəsi III ixtisas qrupu ilə müqayisədə daha çoxdur. Onsuz da abituriyent Azərbaycan dili və xarici dildən minimum tələbləri ödəyə bilər. Bu səbəbdən I ixtisas qrupunun abituriyenti yaz imtahanından sonra III qrup üzrə imtahan versə, minimum riyaziyyat fənnindən 20 suala cavab verməklə keçid balının yarısını toplamış olur.

Bu, eyni zamanda III ixtisas qrupuna da aiddir. Qrup üzrə abituriyent tarix, Azərbaycan dili fənnindən yüksək səviyyədə hazırlaşır. Əgər o, III ixtisas qrupu üzrə keçid balını toplaya bilməsə, II qrupda Azərbaycan dili və Azərbaycan tarixi fənindən keçid balının demək olar ki, 80 faizini əldə edə bilər”.



K.Əsədov bildirib ki, qəbul qaydalarına əsasən, abituriyentlər ixtisas qrupuna daxil olan fənlərin hamısından minimum keçid balını toplamalıdır, amma ixtisas qrupu dəyişikliyi etmiş şəxslər bunu yerinə yetirə bilməyəcəklər.

"Bu kimi məsələlər gələcəkdə tələbənin ali məktəblərə qəbul olduqdan sonra köçürülməsi ilə bağlı problemlər yarada bilər. Abituriyent I ixtisas qrupuna hazırlaşıb, lakin III ixtisas qrupundan ali təhsil müəssisəsinə qəbul olub. Artıq köçürülmə zamanı o, öz qəbul olduğu ixtisas üzrə seçim edəcək. Bu dəyişikliklərin yaradacağı problem ixtisas qrupu üzrə formalaşmış statistik göstəricilərlə bağlı olacaq. Belə ki, yaz imtahanında iştirak edib minimum bal toplayan abituriyent yay imtahanında digər ixtisas qrupunda iştirak edib, bal toplamış olsa, o zaman statistik göstəricilərdə bunlar fərqli şəxslər kimi qəbul ediləcək və ixtisas seçimi zamanı ortaya müəyyən problemlər yaranacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ali-Məktəb   Qəbul   Dəyişiklik   Təhsil   Ekspert  





Xəbər lenti