Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başladı
  15 Fevral 2018    Oxunub:2281
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün namizəd fevralın 15-dən 22-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Bunun üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizerez/erize/?frm=eg... ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir (etdirməlidir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycanda baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 8-də keçiriləcək.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılacaq.

Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunacaq. Eyni zamanda, "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc ediləcək.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

AzVision.az


Teqlər: DİM   Rezidentura   Qəbul  





Xəbər lenti