Qadınlarla bağlı konfrans keçirilib
Konfransı giriş sözü ilə açan RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, ölkənin elm və təhsil tarixində xüsusi yeri olan alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşünas professor Aida İmanquliyeva, əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb.
Konfransda çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. O, son illərdə Fondun qrant müsabiqələrində layihələrlə iştirak edərək qalib olan qadın alimlərin, xüsusilə də gənc qadın alimlərin sayının davamlı olaraq artdığını vurğulayıb, qadınlar və qızların elmi fəaliyyətinin dəstəklənməsi üçün səylərin hər zaman davam etdiriləcəyini qeyd edib.
Daha sonra konfransla bağlı - “Qadınlar və Qızlar Elmdə” adlı videoçarx nümayiş etdirilib.
Konfransda qızlar arasında fəallığı ilə seçilən RUGİM-in 50 məktəbli gənc tədqiqatçısı iştirak edib. Elmin inkişafı yolunda fərqlənən iştirakçılar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun diplomu ilə təltif olunub.
AzVision.az