Bakı məktəblərinə vakansiya seçimi yekunlaşır

Bakı məktəblərinə vakansiya seçimi yekunlaşır
  10 Fevral 2018    Oxunub:2039
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışa qədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrə vakansiya seçiminə 1 gün qalıb.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlər 11.02.2018-ci il saat 24:00-dək vakansiya seçimi edə bilərlər. Müsabiqələrin test imtahanı mərhələsinin nəticələri əsasında vakansiya seçimi 07.02.2018-ci il tarixdən başlayıb.

Nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə keçid balları müəyyənləşdirilib. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 27, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 17, laborant vəzifəsi üzrə 15 bal olub.

Qeyd edək ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib. Hər bir namizədin 5 vakant yer seçmək imkanı var.

Namizədlərə vakansiya seçimi edərkən yaşayış yeri və iş yeri arasındakı uyğunluğa diqqət yetirmələri, yalnız işləmək arzusunda və iqtidarında olduqları iş yeri üzrə vakansiya seçimi etmələri, bu məqsədlə təhsil müəssisələrinin ünvanını dəqiqləşdirərkən https://bakimektebleri.edu.az/ internet səhifəsindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti