Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ gərginliyi artırır – TƏHLİL

  27 Yanvar 2018    Oxunub : 10936
Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ gərginliyi artırır – TƏHLİL
ABŞ Rusiya əleyhinə olan sanksiyalar siyahısını bir qədər də genişləndirdi. Bu dəfə siyahıya ötən ilin yayında Krıma “Siemens” qaz turbinlərinin çatdırılmasında rolu olan fiziki və hüquqi şəxslər salınıblar. Həmin turbinlər Krımı Ukraynanın enerji asılılığından xilas edəcək iki İstilik-Elektrik Stansiyasının tikilməsi üçün nəzərdə tutulmuşdu.
Bir sıra məmurlar və qurumlarla yanaşı, bu dəfə Rusiyanın ən böyük maşınqayırma şirkətlərindən biri olan “Güc maşınları” və “Severstal”ın sahibi Aleksey Mordaşov da “qara siyahı”ya salınıblar. Maraqlıdır ki, o, Avropa Birliyinin anoloji siyahısında yox idi. “Siemens”in lisenziyası əsasında qaz turbinlərini Rusiyada məhz “Güc maşınları” istehsal edir. Bundan başqa, Rusiyanın “Surqutneftqaz” şirkəti də özünün bölmələrilə birlikdə sanksiyalar siyahısına salınıb.

Amma bunlar hələ yeni dalğanın sadəcə, başlanğıcıdır. Gələn həftə ABŞ-ın maliyyə nazirliyi Konqresə Rusiya ilə bağlı iki yeni hesabat təqdim edəcək ki, onların nəticəsində sanksiyalar siyahısının daha da genişlənəcəyi gözlənilir. Sənədlər əsasən Rusiya hakimiyyətinə yaxın şəxslər və şirkətlərlə bağlı olduğu üçün, ABŞ mətbuatında onu artıq “Kreml hesabatı” adlandırırlar.

Görünən budur ki, ABŞ Rusiyaya qarşı apardığı mülayim soyuq müharibəni bir qədər sərtləşdirməyə çalışır. Bu yaxınlarda demokrat partiyasından olan senatorlar “Putinin Rusiya və Avropada demokratiyaya asimmetrik hücumu: ABŞ-ın Milli Təhlükəsizliyi üçün mümkün nəticələr” adlı hesabat hazırlamışdılar. Sənədin müəlliflərin biri – Senatın Beynəlxalq əlaqlər Komitəsinin üzvü Bencamin Kardin Avropa səfirlərinə məktub göndərərək, onları “Rus təhdidinə” qarşı birgə müqavimət göstərməyə çağırıb. “Rus təhdidi”nin nədən ibarət olduğu isə təbii ki, aydın göstərilmir. Yəni faktik olaraq, ABŞ siyasətçiləri, konqresmen və senatorlar kölgə ilə döyüşürlər. Belə bir ümumi formuldan istifadə olunur ki, guya “Kreml asimmetrik vasitələrdən – yəni kiberhücumlardan, dezinformasiyadan, marginal siyasi qruplara dəstək verməkdən, enerji resurslarından, mütəşəkkil cinayətkarlıqdan və korrupsiyadan istifadə edərək, başqa ölkələrin daxili işlərinə qarışır”.



Senator Kardinə görə, əgər bunun qarşısı alınmasa, bütün dünyada demokratiyaya təhlükə yaranacaq, konkret olaraq ABŞ-da isə 2018 və 2020-ci il seçkiləri zərbə altında qalacaq. Ayrı-ayrı çıxışlarda bu təhlükənin hətta yaponların “Perl-Harbor”a hücumu və 11 sentyabr terror aktı qədər dəhşətli olduğu iddia edilir və hamı rus təhlükəsinə qarşı birləşməyə çağırılır. Hətta sırf Rusiyaya qarşı mübarizə aparmaq üçün xüsusi səlahiyyətlərə malik dövlət idarəsi yaratmaq təklifi də irəli sürülür.

Burada incə bir nüans da var: demokratlar respublikaçı prezident Donald Trampı nə olduğu dəqiq ifadə edilməyən “Rus təhlükəsi”nə laqeyd yanaşmaqda suçlayırlar. Yəni daxili siyasət mövzusu şişirdilərək, beynəlxalq münasibətlərdə də əks olunur və dünyanın iki nəhəng dövləti arasında sistem böhranı dərinləşməyə başlayır.

Aydın məsələdir ki, sanksiyalarla heç nəyi həll etmək mümkün olmayacaq. Bu, hələ İran təcrübəsindən sonra amerikalılara aydın olmalı idi. Amma onlar əksinə, heç bir nəticə verməyən sanksiyalar siyasətini davam etdirərək, dünyada həm gərginliyi artırır, həm də beynəlxalq biznesə, iqtisadi münasibətlərə ciddi əngəl törədirlər.



Həm də bunun nəticəsidir ki, ABŞ-ın keçmiş müdafiə naziri Eşton Karter Davos forumundakı çıxışında NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlar planı hazırlamalı olduğunu təklif etdi. Bu, artıq kifayət qədər açıq gediş idi.

Tramp isə ABŞ-ın hərbi xərclərini bir qədər də artıraraq, $716 milyarda çatdırmaq niyyətindədir.
Pentaqonun hazırladığı yeni Hərbi Strategiyada ölkə üçün əsas təhlükə kimi daha terrorizm yox, dünya dövlətlərinin rəqabəti göstərilir. İlk növbədə də söhbət Çin və Rusiyadan gedir. Əgər dünyanın 3 böyük dövlətindən biri digər ikisini tərəfdaş yox, potensial təhlükə kimi görürsə, təbii ki, hamımız gərginliyin getdikcə artdığı bir planetdə yaşamağa məhkumuq.

Tariyel Həsənov
AzVision.az

Teqlər: #ABŞ   Rusiya   #Sanksiyalar