Uşaq Paralimpiya komitəsi yarandı FOTO

Uşaq Paralimpiya komitəsi yarandı FOTO
  28 Sentyabr 2013    Oxunub:1892
Dünyada ilk belə təşkilat Azərbaycanda yarandı
Bu gün Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, iclasda dövlət qurumlarının, beynəlxalq təşkilatların respublikamızda fəaliyyət göstərən nümayəndəliklərinin, xarici ölkə səfirliklərinin, ali məktəb, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edib.

İclasa rəhbərlik edən AMPK-nın prezidenti İlqar Rəhimov qeyd edib ki, 1996–cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 2 idman növü ilə fəaliyyətə başlayan paralimpiya hərəkatı inkişafının hazırkı mərhələsində 11 idman növündə yüzlərlə idmançını öz ətrafına toplamağa müvəffəq olmuşdur. Azərbaycan paralimpiyaçılarının 2012– ci il XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları uğurlu nəticə, 12 medalla 166 ölkə arasında 27–ci yerə sahib olmaq ölkəmiz üçün böyük nəticədir.

İclasda “AMPK-nın nəzdində uşaq paralimpiya hərəkatının inkişafına dair (2013-2016-cı illər üçün) Konsepsiya”sı müzakirə edilərək təsdiq edildi və AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Qurumun 13 nəfərdən ibarət İdarə heyəti təsdiq edildi. AMPK-nın birinci vitse- prezidenti Natiq Qasımov komitənin idarə heyətinin sədri, qurumun inkişaf, informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov idarə heyətinin sədrinin müavini-icraçı direktor vəzifələrinə təyin edildi.

İclasın sonunda AMPK-nın paralimpiya komandasının kapitanı,
ikiqat paralimpiya və dünya, dördqat Avropa çempionu İlham Zəkiyev uşaq paralimpiya hərəkatına qoşulmaq istəyən ilk təşəbbüskar, qılıncoynatma idmanı ilə məşğul olmaq istəyən Bakı Uşaq Bərpa Mərkəzində reabilitasiya keçən 14 yaşlı Əlivahid Zeynallıya və ona dəstək olmaq istəyən cüdo idmanı ilə məşğul olan 9 yaşlı Murad Məmmədova Uşaq Paralimpiya Komitəsinin yaranması münasibətilə xatirə medalı və AMPK-nın bayrağını hədiyyə etdi.

Qalereya




Teqlər:  





Xəbər lenti