Dinozavrların məhvində dolmanın rolu

Dinozavrların məhvində dolmanın rolu
  19 Dekabr 2017    Oxunub:13267
Ermənilərin tarixə münasibəti heç kimə sirr deyil: Qısaca və sadə desək, “Böyük Partlayış”dan bəri kainatda nə baş veribsə, hamısının mərkəzində ermənilər dayanıblar.
Pangeyanı vaxtilə ermənilər parçalayaraq, müasir materikləri yaradıblar. Atlantidanın məhvi əslində orada yaşayan ermənilərə qarşı soyqırım siyasəti idi. Misirdəki ehramlar həmin soyqırımın xatirəsinə ucaldılıb. Babilin asma bağları isə qədim erməni meyvəsi olan əriyin yetişdirilməsi və ixracı məqsədi daşıyırdı.

Hətta diqqətlə baxanda, Marsdakı müəmmalı kanallar da “.am” kimi oxuna bilər ki, bu da vaxtilə ilk internetin Marsda kosmik sivilizasiya qurmuş ermənilər tərəfindən yaradıldığını sübut edir.

Bəli, əgər erməni tarixçilərinə inansaq, bütün dünya tarixi kainatdakı ən qədim sivilizasiyanı yaratmış ermənilərin ətrafında dövr edən bu cür epizodlardan ibarətdir. Gəlin, həmin epizodlardan üçünün üzərində bir az geniş dayanaq.

1-ci epizod: Dinozavrların məhvi

Paleontologiyada dinozavrların niyə məhv olması ilə bağlı bir neçə elmi nəzəriyyə var: guya 66 milyon il bundan əvvəl Yer kürəsinə asteroid düşüb; yaxud, Qalaktikamızda supernova ulduz partlayışı olub və onun yaratdığı qamma-şüalanma Yerdə canlılar aləmini məhv edib; yaxud, iqlimdə soyuqlaşma olub və nəticədə dərisinin üstündə tük, altında isə piy qatı olmayan dinozavrlar yeni şəraitə uyğunlaşa bilməyiblər; yaxud, Yerin atmosferinin tərkibi dəyişib, oksigenin miqdarı artıb, bu isə dinozavrlara ziyanlı idi; yaxud, kütləvi epidemiya olub; yaxud, ölçüləri dinozavrlardan xeyli kiçik olan yeni heyvanlar – məməlilər yaranıb və onlar dinozavrların yumurtaları ilə qidalanaraq, nəhəng kələzlər sinfinin axırına çıxıblar; yaxud, yeni yaranan bitki növlərinin tərkibində alkoloidlər varmış, bu isə dinozavrlar üçün zəhərdir...

Göründüyü kimi, nəzəriyyələr çoxdur, heç bu saydıqlarımız da hələ tam siyahı deyil. Amma bu nəzəriyyələrin heç biri tam qənaətbəxş sayıla bilməz. Onların faktoloji bazası da, nəzəri əsaslandırılması da olduqca zəifdir. Dinozavrların məhvi ilə bağlı ən güclü nəzəriyyəni isə Filadelfiya universitetinin erməni paleontoloqları irəli sürüblər.

Məsələ ondadır ki, 66 milyon il əvvəl Yer Kürəsində mövcud olan qədim erməni irqi Mezozoy və Kaynozoy eralarının kəsişməsində, Təbaşir dövrünün sonlarında təsərrüfat fəaliyyətini kəskin şəkildə artırıb. Yeni kənd təsərrüfatı texnologiyalarının tətbiqi paleoermənilərin sayca çoxalmasına imkan yaradıb və elmdə “Təbaşir dövrünün demoqrafik erməni bumu” adlanan hadisə baş verib.

Daşlaşmış qalıqlar da sübut edir ki, paleoermənilər dolmanı çox sevirdilər, o dövrdə isə bu delikates dinozavrların sinə ətindən hazırlanırdı. Kaliforniya universitetinin paleontoloqları qədim mağaralardan tapılan erməni qazanlarında məhz dinozavr filesinin izlərini aşkarlayıblar.

Dinozavrların sinəsində ət az idi, buna görə də, qədim erməni ovçuları file əldə etmək üçün çox sayda kələzləri öldürməli olurdular. Bu isə son nətcədə ekoloji faciəyə gətirib çıxarır. Mezozoy dövründə təşəkkül tapmış bütün ekosistem çökür.

Amma digər tərəfdən, bu, yeni növ canlıların – məməlilər sinfinin, o cümlədən, primatların yaranmasına və insanın təkamülünə təkan verir. Dolayısı ilə, bugünkü insanın meydana çıxmasının səbəbini paleoermənilərin dinozavr dolmasına olan sevgisində axtarmaq lazımdır.

2-ci epizod: Romanın yüksəlişi və süqutu

Qədim dünyanın ən böyük imperiyasının tarixində vacib rol oynamış 3 erməni var: Oktavyan, Trayan və Diolektiyan. Oktavyan erməni mədəniyyətinin qədim ocaqlarından olan Misiri və İspaniyanı tutmuş, şərqdə isə Alp dağlarını keçərək, imperiyanın sərhədlərini Dunay çayına qədər çatdırmışdı. Onun planı Roma ilə Böyük Ermənistan imperiyalarını birləşdirib, Ən Böyük Ermənistan adlı bir fövqəlimperiya yaratmaq idi.

Amma təəssüf ki, həmin dövrdə german tayfaları Armini adlı sərkərdənin başçılığı ilə qiyam qaldıraraq, leqat Varın rəhbərlik etdiyi legionları Tevtoburq meşəsində qılıncdan keçirirlər. Bu, qədim dünya üçün o qədər dəhşətli hadisə idi ki, hətta Oktavyan xəbəri eşidəndə “Ara, Var, qaytar mənim legionlarımı!”,- deyərək, hönkür-hönkür ağlayıbmış. Beləcə, Ən Böyük Ermənistan adlı fövqəlimperiyanın yaradılması planlarının üstündən xətt çəkmək lazım gəlir...

Oktavyanın yarımçıq qalan arzularını anası erməni əsilli olan digər imperator – Trayan davam etdirir. 106-cı ildə Trayan bir az da Şərqə tərəfə irəliləyərək, vaxtilə Böyük Ermənistan Dövlətinə daxil olmuş Dakiyanı (təxminən indiki Rumıniya) işğal edir. Amma bu, Romanın sonuncu böyük torpaq ilhaqı idi. Sonrakı 100 ildə imperiyanın sərhədləri dəyişməz qalır.

Anası erməni genləri daşıyan üçüncü imperator – Diolektiyan 284-cü ildə hakimiyyətə gələndə isə artıq imperiyada tənəzzül başlamışdı. O, düşünürdü ki, Romanın əraziləri bir insanın – hətta o, erməni olsa belə!,- təklikdə idarə edə bilməyəcəyi qədər böyükdür. Buna görə də, imperiyanı 4 hissəyə bölür.

Artıq İmperiyanın günəşi qüruba doğru əyilmişdi. İş tədricən gəlib o yerə çatır ki, 271-ci ildə imperator Aurliyan Roma şəhərinin tarixində heç vaxt olmamış bir şeyi etməyə - qala divarları tikdirməyə qərar verir. Fəqət tənəzzül o qədər dərinləşmişdi ki, artıq hətta erməni ustaların tikdiyi ən möhkəm divar belə, Romanı xilas edə bilməzdi...
Beləcə, Qədim Dünyanın ən böyük imperiyasının güclənməsində də, tənəzzülündə də açıq-aşkar erməni izləri var.

3-cü epizod: Amerikanın kəşfi

...1492-ci ilin oktyabrın əvvəlləri ekspedisiya üçün xüsusilə çətin keçirdi. Həftələrdir ki, göz işlədikcə üfüqün 4 tərəfini əhatə edən ucsuz-bucaqsız yeknəsəqlik dənizçilərdə depressiya və vahimə yaradır, suyun və qidanın getikcə azalması isə məchulluq qorxusu ilə birləşərək, insanların daxilində daha bir okean – ümidsizlik okeanı əmələ gətirirdi. Bu iki okeanın arasında qalan Xristofor Kolumbun özü də tez-tez tərəddüd edir, gəmilərini geri döndərmək haqqında düşünürdü; qorxurdu ki, məchulluq və ümidsizlik bir neçə gün də davam etsə, dənizçilərin qaldırdığı qiyam fırtınası dənizin fırtınasından daha təhlükəli ola bilər.

Bu cür qarışıq, dolaşıq fikirlərdən beyni yorulan Kolumb, nəhayət, “Santa-Mariya”da müşavirə çağırıb, fikrini dənizçilərilə bölüşmək qərarına gəlir.
Belə gərgin vaxtda kapitandan qətiyyət və nikbinlik gözləyən matroslar əksinə, onun özünə əmin olmadığı və təbəddülatlar içində çırpındığını görəndə, göyərtədə toplaşanların arasında zəhərli bir pıçhapıç dalğası yayılır; gözlərdə bir-birinin arxasınca qəzəb məşəlləri yanır, dişlər sıxılır, yumruqlar düyünlənir.

Arxa sıralardan kimsə nifrət nidaları hopmuş boğuq səslə qışqırır:
- Demək, hara getdiyimizi bilmirik, eləmi?! Onda nə qədər ki, gec deyil, geri qayıdaq! Biz dişlərindən yosunlar sallanan dəniz iblislərinə yem olmaq istəmirik!
Yerbəyerdən onun səsinə səs verirlər:
- Qayıdaq!.. Qayıdaq!..

Narazılıq quru samanlığa düşən qığılcım kimi qəfil alova dönüb, göyərtədə toplaşanları bir anda içinə aldı. Hadisələrin belə sürətlə inkişaf edəcəyini gözləməyən Kolumb duruxub qalmışdı, qurumuş dodaqlarını yalayaraq, nəsə demək istəsə də, dili söz tutmurdu. Gözucu onu görə bildi ki, matroslardan biri gəmini döndərmək üçün əlini sükana, digəri isə yelkənin kəndirinə atdı...

Amma xoşbəxtlikdən “Santa-Mariya”da dünyagörmüş və təcrübəli bir erməni matros da var idi. O, üç ağır addım atıb, qabağa gələrək, çoxdan boşalmış və kədərli görünüşü ilə yaxında dənizçiləri gözləyə biləcək fəlakəti andıran su çəlləyinin üstünə çıxıb, boğazını arıtlayır və bərkdən deyir:
- Ara, Kristobal-can, sən lap nahaq yerə belə ümidsizliyə düşmüsən. Biz düz yoldayıq. Mən qədim erməni səyyahlarının çəkdiyi xəritələri görmüşəm, onlar da bizim keçdiyimiz ulduzların altından üzərək, böyük torpaqlara çatıblar. Üç gün də hövsələnizi basın, əgər torpaq görünməsə, məni balıqlara yem edərsiniz!..

...Bəli, bu gün Amerikanın kəşfinə görə biz Kolumba yox, onu yolundan dönməyə qoymayan həmin erməni matrosa borcluyuq. Məhz onun şərəfinə Amerika qitəsi əvvəllər “Armenika” adlanırdı. Sonralar bu ad imperialist dövlətlərin marağına uyğun dəyişdirilsə də, bu gün Kolumbiyadakı şəhərlərdən birinin “Armeniya” adlanması hər şeyin əsində necə baş verdiyinə dair kiçik bir işarədir.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Erməni-yalanları   #Tarix   #Saxtakarlıq   #Felyeton  





Xəbər lenti