Kamança YUNESKO-nun siyahısına daxil edildi

Kamança YUNESKO-nun siyahısına daxil edildi
  07 Dekabr 2017    Oxunub:3775
2017-ci ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 7 dekabr tarixində elan edilib.

Qeyd edək ki, sözügedən nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov Kamança sənətinin Azərbaycan mədəniyyətində mərkəzi rollardan birini oynadığını qeyd edib. Bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb və nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib. O, eyni zamanda, Azərbaycan hökuməti adından YUNESKO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu sənət nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Komitə iclasında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək bildirib ki, YUNESKO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. O, həmçinin bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

AzVision.az


Teqlər: kamança  





Xəbər lenti