Rus yazıçı erməni daşnakların xislətindən yazdı

Rus yazıçı erməni daşnakların xislətindən yazdı
  05 Dekabr 2017    Oxunub:2666
Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenskinin SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş “Bjezinski dedi – Qorbaçov etdi” ("Бжезинский сказал – Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, kitabda SSRİ-nin dağılma səbəbləri ətraflı təhlil edilir, ilk növbədə, erməni lobbisinin, ermənilərin terrorçu və siyasi təşkilatlarının buradakı rolu açıqlanır. Nəşrdə XVIII-XX əsrlərdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Qafqazda və digər bölgələrdə yerləşdirilməsi, erməni kilsəsinin və zənginlərinin dəstəyi ilə XX əsrin əvvəllərində Qafqazda və çar Rusiyasının digər bölgələrində genişmiqyaslı terror aktları törədən “Qnçak” və “Daşnaksütun” kimi erməni milli təşkilatlarının yaradılması təsvir olunur.

1905-1907-ci illərdə erməni təşkilatlarının dağıdıcı rolunu xüsusi qeyd edən müəllif artıq rus tarixçilərinin bu prosesləri inqilab deyil, dağıdıcı terror hərəkatı kimi qiymətləndirdiyini vurğulayır.

Dmitriy Preobrajenski, həmçinin daşnakların asanlıqla bolşeviklərə çevrilməsini və sovet dövründə də özlərinin dağıdıcı fəaliyyətini davam etdirməsini təsvir edir. Müəllif SSRİ-nin parçalanmasının ilk səbəbi kimi Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun komandasındakı erməni millətindən olan yüksək çinli məmurların dəstəyi ilə erməni milliyyətçilərinin başlatdığı Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun fikrincə, SSRİ-nin parçalanması bu münaqişə vasitəsilə başlayıb və indi aydın olur ki, xaricdəki erməni lobbisi Qərbin siyasi dairələrinin sifarişi əsasında milli münaqişələri qızışdıraraq Sovet İttifaqının parçalanması prosesinə start verib.

Qeyd edək ki, Dmitriy Preobrajenskinin “Bjezinski dedi – Qorbaçov etdi” kitabı mövsümün ən populyar nəşrləri arasında və bu il Rusiyada ən çox satılan nəşrlər siyahısındadır.

AzVision.az


Teqlər: kitab   erməni  





Xəbər lenti