134 dövlət əmlakı hərraca çıxarılır

134 dövlət əmlakı hərraca çıxarılır
  04 Dekabr 2017    Oxunub:1733
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvarın 9-da keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ rayonları, Sumqayıt şəhəri, habelə, Tovuz, Xızı, Cəlilabad, İmişli, Qax, Oğuz, Göyçay, Lerik və Astara rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 444 min 500 manata olan Sumqayıtda yerləşən “Bolluq” bazasıdır. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 1445.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 13063 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 400 min manata Suraxanı rayonunda yerləşən 42 saylı mağaza, 216 min manata Bakı şəhəri Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq, 210 min manata Oğuz rayonunda Tütün anbarı da var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Nəsimi, Nərimanov, Nizami, Xətai rayonlarında yerləşir.

Budəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.

AzVision.az


Teqlər: hərrac  





Xəbər lenti