Bakıda iki futbolçu tutuldu - Onları 8 ilədək həbs gözləyir

Bakıda iki futbolçu tutuldu - Onları 8 ilədək həbs gözləyir
  30 Noyabr 2017    Oxunub:3668
Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” ("İnter") klubunun iki futbolçusu saxlanılıb. Paytaxt klubunun futbolçuları olan Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilinərək tutulublar.
Məlumata görə, Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi”-“Keşlə” oyunu böyük qalmaqala səbəb olub. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapıb. Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az-ın məlumatına görə, danışılmış oyunlar cinayət məsuliyyəti yaradır. Danışılmış oyunlarla əlaqədar 2016-cı ilin noyabrında Cinayət Məcəlləsində dəyişikliklər qəbul olunub. Bunula paralel olaraq, "Bədən tərbiyəsi və idman haqqında" qanununa da dəyişiklik edilib. Cinayət Məcəlləsində cəza iki formada nəzərdə tutulub. Birinci kateqoriyaya idmançı, məşqçi və ya hakimi bu işə cəlb edən şəxslər daxildir. İkincisi isə idman ictimaiyyətinin subyektləridir. Bunların hamısı ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub.

Əgər danışılmış oyunla bağlı şübhəli şəxs qismində saxlanılan futbolçunun günahı məhkəmə tərəfindən sübuta yetirilərsə o, 3 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Təkrar və ya cinayətkar qrup tərəfindən törədildikdə isə 6 ildən 8 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulub.

Bundan başqa UEFA-nın İntizam qaydalarında cəzalarla bağlı müəyyən limitlər müəyyənləşdirilsə də, danışılmış oyunlar istisna təşkil edir. Yəni, futbolçuya ömürlük cəza tətbiq oluna bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Futbol   Həbs  





Xəbər lenti