“Füzuli”ni yaradan adam - “Yaxşı ki, bu günləri görmədi” (MÜSAHİBƏ)

“Füzuli”ni yaradan adam - “Yaxşı ki, bu günləri görmədi” (MÜSAHİBƏ)
  17 Noyabr 2017    Oxunub:22181
Azərbaycanın mərhum xalq artisti, tanınmış bəstəkar, xormeyster Cahangir Cahangirov ruhumuzu titrədən mahnıların müəllifi kimi adını tarixə yazdıran dahi şəxsiyyətlərdən biridir. Onu xatırlamağa bircə “Füzuli” kantatası yetərlidir...
Növbəti müsahibəmiz dahi Cahangir Cahangirova həsr olunub. Həmsöhbətimiz bəstəkarın bacısı Roza Rzazadədir. Xalq artisti Yalçın Rzazadənin həyat yoldaşı olan Roza xanım qardaşı ilə bağlı unudulmayan xatirələrini AzVision.az-la bölüşüb.

Öncə Cahangir Cahangirovun tərcümeyi-halına nəzər salaq: Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Onun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.

Bəstəkar bir çox lirik mahnıların da müəllifidir. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.

Həmçinin “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnıları və “Gül camalın” romansı, “Ənəlhəq” mahnı-romansı, “Eşitməzdim” qəzəl-romansı ona məxsusdur.

Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.



-Roza xanım, söhbətimizə ailənizdən başlamaq istərdik…

- Anam Seyidxanım bakılı qızı olub. Təəssüf ki, indi sizə göstərməyə şəkli yoxdur. O vaxt anama deyiblər ki, sənin şəklini çəkək. Anam istəməyib. Deyib, mən surətimi özgə adamlara göstərmərəm, ayıbdır.

Atam savadlı adam olub, müxtəlif yerlərdə çalışıb. Biz onu çox tez - 41 yaşında (1942-ci ildə) müharibədə itirmişik. Anam da çox erkən - 35 yaşında vəfat edib. 4 uşaq olmuşuq. Cahangir ən böyüyümüz idi. Ondan sonra bacım Nəcibə, Rafiq və mən doğulmuşam. Cahangirlə mənim aramda çox böyük yaş fərqi var idi.

Ana və atamı itirəndən sonra o, mənə həm ana, həm də ata olub. Balaca vaxtımdan məni özü saxlayıb. Ailəmizin yükünü çəkib. Çünki evin böyük uşağı idi. Valideynlərimizi itirmişdik, tək qalmışdıq.

Qardaşım Rafiq də çox yaşamadı. 18 yaşında da onu itirdik.Cahangir çox əziyyət çəkdi.



Cahagnir çox həssas, ürəyi yumşaq insan idi. Birinin gözündə yaş görəndə özünü itirərdi. Mənə elə qayğı, sevgi ilə yanaşardı ki... Bir dəfə deməzdi ki, Roza, bunu etmə!

-Onun musiqi sahəsinə yönəlməsində kimin rolu olub?

-Cahangirin musiqiyə yönəldilməsində anamın rolu olub. Anamın özü də qarmon ifa edərdi. Bacım da tar çalardı. Anam Cahangirin musiqi duyumunun olduğunu görüb, ona balalayka alıb, yastığının altına qoyub. Gecə yatanda qardaşım balalaykanı görüb və onu çalmağa başlayıb.



Yaddaşımda xatirələr elə də çox qalmayıb. Cahangirin adı gələndə hər şeyi unduram. Eyni zamanda yaş da öz sözünü deyir. Onun həyatı ilə bağlı məqamların birini danışanda digərini unuduram. Məni o qədər çox istəyirdi ki, gözü həmişə üstümdə idi. Elə bil ki, mən onun övladıydım. Onunla bağlı hislərimi ifadə etməkdə çətinlik çəkirəm. Ürəyi mənimlə idi. O qədər ona bağlıyam ki, gecə yatanda da qardaşıma rəhmət diliyirəm.



Onun Üzeyir Hacıbəyovla tanışlığı 14-15 yaşına təsadüf edib. Kimsə Cahangirin musiqi qabiliyyətini görüb və onun haqqında Uzeyir bəyə danışıb. Uzeyir bəy Cahangiri çağırıb yanına, musiqisinə qulaq asıb və yanındakılara deyib ki, mən gedəcəyəm, amma o, mənim yerimdə olacaq.

-Bəstəkar hansı sənətkarlarla dostluq edirdi? Evinizə kimlər gəlib gedirdi?

-Artistlər binasındakı evimiz yadıma gəlir. Oradan Cahangirə ev vermişdilər. Rəşid Behbudov, Fikrət Əmirov, Əminə Dilbazi bizim qonşumuz idi. Rəşid Behbudov bizə tez-tez gəlirdi, onunla “Ana” mahnısını məşq edirdilər. Mən balaca idim, qapıdan gizlincə onlara baxırdım. Görürdüm, Cahangir royalda çalır, Rəşid də oxuyur.

Onun mahnılarının hamısını sevirdim. Nə ifa edirdisə, hamısını bilirdim. İndi yaşa dolmuşam, bəzilərini unutmuşam.



-Bu yaxınlarda “Xanəndənin taleyi” operası nümayiş olundu. İzləyə bildinizmi?

- Təəssüf, gedə bilmədim. Bacımın qızı getmişdi. Amma "Azad" operasına baxmışdım.

-Cahangir bəyin neçə övladı var? Hazırda onlar haradadırlar?

-Həyat yoldaşı Tahirə xanım ondan əvvəl vəfat etmişdi. Cahangirin bir qızı – Səidə sağ qalıb. O, ailəsi ilə Moskvada yaşayır. Oğlu Pərviz, digər qızı Aida xanım rəhmətə gedib. Aidanın hansı xəstəlikdən öldüyünü bilmədim. Bir də eşitdim ki, xəstələnib, çox keçmədi, rəhmətə getdi. Oğlu Pərviz isə 41 yaşında hamada yıxılmışdl. O, aldığı zədədən dünyasını dəyişdi. Yaxşı ki, Cahangir bu günləri görmədi. Ürəyi övladlarının itkisinə dözməzdi. Adi uşaqları xəstələnəndə çox həyacanlanardı.

Səidənin qızları, nəvələri var. Cahangir sağlığında nəvəsi Nigarı görə bilib. Qızını, nəvəsini görmək üçün tez-tez Moskvaya gedirdi.



-Övladlarından heç biri musiqi sahəsini seçməyib?

-Səidə xanım konservatoriyanın xor drijorluğu fakültəsini bitirib. İndi 60-dan çox yaşı olar. Təqaüddədir.

Cahangir bəyi insan kimi necə xarakterizə edərdiniz?

-Təbiəti xoşlayırdı. Mərdəkanda bağımız vardı. Cahangir orada alma, püstə ağacı əkərdi. Dənizə baxmağı sevərdi. Həmişə dənizə baxanda gözləri yol çəkərdi. Heyif mənim qardaşımdan. Onun ilham mənbəyi təbiət idi. Gözəl səsi vardi. Həm oxuyub, həm də ifa edərdi. Ən çox “Ana” mahnısnı zümzümə edərdi.



Ömrünün son günlərini necə xatırayırsınız?

-Xəstə idi. Mənə deyirdi ki, tez-tez yanıma gəl, yanımdan getmə.

Həmişə Qarabağla bağlı narahatlıq keçirərdi. Qarabağı sevirdi. O vaxtlar Şuşaya tez-tez gedirdi. Müharibə başlayanda mənə dedi ki, hadisələr yaxşı qurtarmayacaq.

Bildiyimə görə, qardaşınıza şeir həsr etmisiniz...

- Bəli, həmim şeiri sizin üçün səsləndirmək istəyirəm:

Bir gözəl bəstəkarın il dönümüdür
Sevilsin mahnısı, sevilsin eli
Musiqi yazmaqdan ömür çürütdü
Gecələr yatmayıb, əsəb keçirtdi
Səsin gəldi qulağıma, ürəyimdən ağrı qopdu
Qulaq asdım kantatava gözlərimdən yaşlar axdı
Şövkətlə qonşu oldun həyatda sən
Torpaqda da bir yerdəsən.

Cahangir sərt insan kimi görünürdü, amma ürəyi çox yumuşaq idi.

















Şahanə Rəhimli
AzVision.az


Teqlər: Cahangir-Cahangirov   Bəstəkar  





Xəbər lenti