Aeroportdan 4 milyona yaxın sərnişin istifadə edib

Aeroportdan 4 milyona yaxın sərnişin istifadə edib
  10 Noyabr 2017    Oxunub:1490
Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 3,46 milyon sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artıb və bütün 2016-ci il üzrə ümumi statistikanı ötüb. Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2 milyon sərnişin düşüb ki, bunun da 504 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 50,6 faizi AZAL-ın, 49,4 faizi xarici aviadaşıyıcıların payına düşüb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,1 milyon sərnişin bu istiqamətlərə uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilibr. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

AzVision.az


Teqlər: Airport  





Xəbər lenti