İlham Əliyev: “Bədhaqlar bizi gözdən salmağa çalışırlar”

İlham Əliyev: “Bədhaqlar bizi gözdən salmağa çalışırlar”
  08 Noyabr 2017    Oxunub:2158
Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaq.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. “Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib: “Biz vaxtilə xaricdən qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi alırdıq, indi onu satırıq. İndi nefti satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və ölkəmizə daha çox pul gələcək. Biz bu vəsaitdən də çox səmərəli və şəffaf şəkildə istifadə edirik. Bildiyiniz kimi, neftdən əldə olunan bütün gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır. Bu da beynəlxalq auditdən keçən, dünyanın ən şəffaf neft fondlarından biridir. Biz o vəsaiti ölkə üçün vacib olan layihələrə ayırırıq. Həm ehtiyatı artırırıq, həm ən vacib sosial və infrastruktur layihələrinə bu vəsaitdən istifadə edirik. Əlbəttə ki, Azərbaycan Milli Məclisi bu xərcləri təsdiq edəndən sonra. Onların arasında köçkünlərin problemlərinin həllidir, - 100-ə yaxın şəhərcik salınıb, - məktəblərdir, infrastruktur layihələridir, əlbəttə ki, neft sənayesinin inkişafı ilə bağlı olan layihələrdir, xüsusilə nəhəng qazma qurğusunun tikintisi də Dövlət Neft Fondunun xətti ilə maliyyələşdirilib. Bakı-Tbilisi-Qars dəmir yolu məhz o mənbədən maliyyələşdirilib.

Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına. Əgər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tikilməsə idi, o dəhliz açılmasa idi, vəsaitimiz olmasa idi biz bunu necə tikə bilərdik?”.

Dövlət başçısı qeyd edib ki, prezident vəzifəsinə seçiləndən dərhal sonra bu layihə ilə məşğul olmağa başlayıb: “Görürdüm ki, burada böyük çətinliklər var. İlk növbədə, maliyyə çətinliyi və texniki məsələlərin həlli. Çünki ölkələr arasında bir çox razılaşmalar əldə olunmalı idi. O vaxt biz bunu həll etdik. Bu layihə ilə bağlı siyasi əngəllər törədilməyə başlandı. Əgər maliyyə imkanlarımız olmasa idi, biz Bakı-Tbilisi-Qarsı hansı pulla tikə bilərdik? Çünki bu yolun böyük hissəsi Azərbaycan ərazisindən keçir – 504 kilometr. Gürcüstan ərazisindən 200 kilometrdən çox hissəsi keçir ki, orada da maliyyə və texniki məsələləri Azərbaycan həll edir. Yolun uzunluğu təxminən 850 kilometrə yaxındır. Yəni, ancaq səmərəli fəaliyyət nəticəsində, şəffaf Neft Fondunda saxlanılan vəsait hesabına və neftçilərin zəhməti sayəsində biz buna nail ola bilmişik. Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər. Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq”.

Prezident bildirib ki, bu gün Azərbaycan iqtisadi müstəqilliyi təmin edib: “İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaq. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək. Bir milyardıncı ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilib. Bu gün müstəqil Azərbaycanda, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyardıncı ton neftin hasilatını qeyd edirik. Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbiidir, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

“Azərbaycanın timsalında göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdır? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir” deyən Dövlət başçısı əlavə edib ki, Azərbaycan tərəfdaşları ilə, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurub. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir: “Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.

Mən bu gün BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusilə qeyd etmək istərdim. İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib. Ona görə, qoy, bizim ictimaiyyət bir daha bilsin ki, xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində nə qədər böyük rol oynamışdır. Bir daha demək istəyirəm ki, bunun da təməlində dövlətlə xarici tərəfdaşlar arasındakı əməkdaşlıq dayanır”.

Prezident İlham Əliyev deyib ki, BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkə üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib: “Bir neçə il əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulub ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisə SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcək. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək.

Beləliklə, Heydər Əliyev neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilib. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti