Beynəlxalq hesabatlarda irəli getməyimizin səbəbi – TƏHLİL

Beynəlxalq hesabatlarda irəli getməyimizin səbəbi – TƏHLİL
  08 Noyabr 2017    Oxunub:2307
Ötən həftə daha bir beynəlxalq hesabatda müsbət qiymət almağımız və irəliləməyimiz ölkə iqtisadiyyatında makrosabitliyin qorunduğu ilə yanaşı, inkişaf dinamikasının da olduğuna dair əyani göstərici sayılır. Çünki “Doing Business 2018” hesabatında Azərbaycanın ötən illə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməsi mühüm hadisədir.
Ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb. Elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişik.

Sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.

Xatırladım ki, “Doing Business 2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutmuşdu. Keçənilki hesabatda isə 65-ci pilləni... Yəni, 2 pillə geri... Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.

Keçən il 65-ci yer ona görə təqdirəlayiq sayılırdı ki, Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında ölkəmiz bütün xarici və daxili iqtisadi-siyasi çətinlinliklərə baxmayaraq, məhz elə yer tutmuşdu. Azərbaycan dünyada daha çox islahat aparan 29 ölkədən biri hesab olunmuşdu. Hər şey sözsüz, ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsi hesab olunurdu.

Ümumiyyətlə, məlum olduğu kimi, ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə böyük miqyasda 2015-ci ildən başlanıldı. Düzdür, bu siyasət əvvəl də mövcud idi, lakin sahibkarlar üçün daha geniş imkanların yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz qeyd olunan ildən atılır.
İstər Dünya İqtisadi Forumunun, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün isə biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz islahatlar aparılmalıdır ki, bütün bunlar da Azərbaycan hökuməti tərəfdən mümkün dərəcədə həyata keçirilir.

Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir.

2015-c ildə Prezident İlham Əliyevin təşəbbüsüylə Milli Məclisdə qəbul edilərək noyabrın 1-dən qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun da “Doing Business-2017” hesabatında bir neçə pillə irəliləməyimiz üçün əsas yaradıb.

Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar ən çox orta və kiçik sahibkarlığın inkişafının qarşısını alırdı. Belə ki, iri sahibkarlar pis-yaxşı, "çullarını sudan çıxara" bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı. Odur ki, Prezidentin müvafiq qanunvericilik təşəbbüsü ilk növbədə ötən 2 il ərzində məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul yaratdı. Bu isə real şəraitdə olduqca vacib şərt idi.

Məlumdur ki, bugünlərdə sözügedən qanuna dəyişiklik edilərək ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2021-ci ilin yanvarın 1-dək uzadıldı. Çünki ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədən ixracın getdikcə artırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ikiqat artıq prioritet təşkil edir ki, bu da kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Büdcə gəlirlərinin də əsasını sözügedən sahədən gələn gəlirlər təşkil etməli olduğundan, kiçik və orta sahibkalar daha çox diqqət mərkəzində olmağı tələb edir.

Ümumiyyətlə, son vaxtlar qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən müvafiq dövlət proqramları və görülən işlər nəticəsində sözügedən sektorda davamlı inkişaf, sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin, iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər qeydə alınıb.

Ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər isə keçən ildən etibarən sürətləndirilib. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrilib. Odur ki, növbəti illərdəki hesabatlarda daha irəli pillələrə sahib olacağımız şəksizdir.


Pərviz Heydərov
AzVision.az üçün


Teqlər: #Doing-Business   #Reytinq   #Hesabat  





Xəbər lenti