Qlobal iqtisadiyyata növbəti töhfəmiz - TƏHLİL

Qlobal iqtisadiyyata növbəti töhfəmiz - TƏHLİL
  02 Noyabr 2017    Oxunub:2869
Azərbaycanın nəqliyyat sektorunda son illər ərzində görülən işlər, yəni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil, dəmir yolları xətlərinin tikintisi kimi irimiqyaslı infrastruktur layihələrin icrası əsas etibarı ilə ölkəni regionda nəqliyyat paytaxtına çevirmək məqsədi daşıyır. Bundan isə təkcə Azərbaycan deyil, bütövlükdə region, o cümlədən, ona yaxın bütün digər ölkələr böyük töhvələr götürəcək. Bu töhvələr həm siyasi, həm də iqtisadi xarakter daşımaqdadır.
Ancaq sual olunur ki, bunu hamı eyni cür başa düşürmü, qəbul edirmi?! Təəssüf ki, yox. Ümumiyyətlə, Azərbaycanda regional əhəmiyyət kəsb edən demək olar, bütün layihələrə və onların gerçəkləşdirməsinə qarşı xüsusi qısqanclıqla yanaşılıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı münasibətdə də belə olub, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə də, Bakı-Tbilisi-Qars dəmir yoluna da.

Söhbət təkcə, siyasi deyil, iqtisadi qısqanclıqdan gedir. Çünki ideyası ölkəmiz tərəfindən irəli sürülən və sonra da bütün maneələrə baxmayaraq, gerçəkləşdirilən layihələrin hamısı ilk növbədə öz rəqabətqabiliyyətliliyi ilə seçilib. Bax, səbəb məhz budur. Sonuncu adını çəkdiyimiz 2007-ci ilin fevralında əsası qoyulmuş və nəhayət, bu ilin oktyabrın 30-da açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi də belələrindəndir.

504 kilometri ölkəmizin ərazisindən keçən, ümumi uzunluğu isə 850 kilometrə bərabər olan layihənin reallaşmasına yalnız, bilavasitə dəxli olan 3 ölkə, yəni Azərbaycan, Türkiyə və Gürcüstan vəsait qoydu, başqa heç bir ölkə bu layihəyə pul buraxmadı, sərmayə yatırmadı. Halbuki, BTQ dəmiryolu tarixi İpək Yolunun, yəni onun bərpasının tərkib hissəsidir. Və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri birgə istifadə etməlidirlər və edəcəklər də... Çünki, BTQ-nın reallaşdırılması mümkün sayılmırdı, texniki imkanlar və maliyyə vəsaiti mənbələri yox dərəcəsində görünürdü.

Ancaq açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, üç ölkə sübut etdi ki, bütün bunlar mümkündür. “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır”,- deyə dövlət başçımız vurğuladı.

Əlbəttə, layihəyə kənar dövlətlər də maraq göstərsə və ciddiyə alsaydılar, 10 il uzanmazdı. Və indi bəlkə də, bir neçə il idi ki, istifadədə idi. Ancaq təəssüf ki, başda hətta ABŞ da olmaqla buna dəstək vermədilər. Halbuki, hazırda hamısı alqış edirlər. Çünki əhəmiyyətini bilirlər, başa düşürlər. BTQ dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi necə böyük əhəmiyyətə malik olacağını görürlər.

Yeri gəlmişkən, Azərbaycan nəqliyyat sektoruna boş yerə önəm verməyib. Və bu sahəyə neçə illərdir ki, külli məbləğdə sərmayəni səbəbsiz yerə qoymayıb. Son 13 ildə Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün ölkəmizin çox böyük yük təyyarəsi parkı var, 20-yə yaxın iri yük təyyarəsi mövcuddur. Azərbaycanın Xəzər dənizində 270 gəmidən ibarət böyük dəniz donanması var. Hansı ki, yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Bir neçə il bundan qabaq böyük gəmiqayırma zavodu tikildi. Burada bütün növ gəmilər istehsal edilir. Xəzərdə yükdaşımalar artarsa, zavod daha böyük güclə işləyəcək.

Ancaq ən mühümü Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi də tikilməsi oldu. Bu Liman Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanıdır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni, adı çəkilən Liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsini - mərkəzidir.

Yeri gəlmişkən, limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Bundan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə çox güclü infrastrukturun yaranmasına gətirib çıxarıb. Hansı ki, bu infrastruktur dövlət başçımız da vurğulamışkən, həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan bu günədək təşəbbüskarı olduğu heç bir irimiqyaslı layihənin icrasından nə maddi, nə də digər iqtisadi və siyasi baxımdan “üzü qara” çıxmayıb. BTQ layihəsinə 10 ildə 650 milyon ABŞ dollarına yaxın vəsait xərcləmişik. Sözügedən yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton və daha sonra isə bir az da böyük həcmdə yüklərin daşınacağı nəzərdə tutulur.

Bəli, bu gün uzaq Çindən Avropaya və onun ən ucqar nöqtəsi olan Londona dəmir yolu var və tam gücüylə fəaliyyət göstərməkdədir. Ancaq Azərbaycanın tranzit imkanları böyük rəqabətqabiliyyətlilik vəd edir. Həm qısa məsafə baxımdan, həm də mümkün aşağı tariflərin tədbiq olunacağı baxımından... Bundan əlavə, məlumdur ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaranması istiqamətində də önəmli addımlar atıb. Ölkəmiz ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər artıq tamamlanmış və bu sahədə bütün infrastruktur hazır sayılır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də alternativ dəhlizlərlə müqayisədə vaxt və tranzit xərcləri baxımdan rəqabətqabiliyyətli sayılır. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək ki, bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti demək olacaq. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun xeyrini əyani gördükcə isə, qeyd olunan rəqəm daha artacaq.

Gələcəkdə Şimal-Cənub və BTQ nəqliyyat dəhlizlərinin inteqrasiyası regionda nəqliyyat paytaxtına çevrilməyimiz istiqamətində görülən işlərin nöqtəsi olacaqdır.

Sözün qısası, BTQ layihəsi qlobal iqtisadiyyatın Azərbaycana deyil, bir növ Azərbaycanın dünya iqtisadiyyatına bir hədiyyəsidir, töhfəsidir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanmaqla, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğu elan edildi. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bakı-Tbilisi-Qars  





Xəbər lenti