“O dəhşətli yalan məni Rafiq Hüseynov elədi” - Mərhum diktorun həyatı

 “O dəhşətli yalan məni Rafiq Hüseynov elədi” - Mərhum diktorun həyatı
  31 Oktyabr 2017    Oxunub:77573
Bu gün Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov Almaniyada müalicə aldığı klinikada 71 yaşında dünyasını dəyişib. İstər xarakter etibarı ilə, istərsə də sənət baxımından tamaşaçıların rəğbətini qazanan diktor uzun müddət ağ ciyər xərçəngindən əziyyət çəkib.
Qeyd edək ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb.

Onun televiziyaya gəlişi 17 yaşına təsadüf edib. O vaxtlar şərqşünas olmaq istəyən diktorun ailə vəziyyəti çətin olub. Təcili iş tapıb ailənin maddi durumuna kömək etmək məcburiyyətində qalıb. Buna görə də televiziyaya iş üçün müraciət edib.

Ona "nə üçün televiziyaya gəlmisən" sualını verəndə "televiziyaya böyük marağım var, mənim arzum burada işləməkdir”-deyə cavab verib. Sonradan Rafiq Hüseynov bunu ən dəhşətli yalan adlandırıb:

“Bax, bu, böyük yalan idi. Dəhşətli yalan. Amma o dəhşətli yalan məni Rafiq Hüseynov elədi”.



İlk vaxtlar televiziyada özünü təsdiq edə bilməsə də, sonradan işıqçılıqdan diktorluğa kimi yüksələ bilib. Hətta bir müddət AzTV-nin sədr müavini vəzifəsində çalışıb. Ömrünün böyük hissəsini bu sənətə həsr edib və televiziyada kadrların hazırlanmasında böyük əməyi olub.

Maraqlıdır ki, televiziyaya gəlişi zamanı yalan danışan diktor daha sonra yalan danışmamaq üçün televiziyadan ayrılıb.

"O, yalan danışa bilmir. Televiziyadan ona görə uzaqlaşmışdı ki, xalqın gözünün içinə yalan söyləyə bilməmişdi. Ona desələr ki, kimisə aldat, sənə milyon verəcəklər, bunu etməyəcək. Xarakteri belədir”,- diktorun həyat yoldaşı Səbinə Hüseynova müsahibələrinin birində deyib.

Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.



Görünür, onu tamaşaçılara sevdirən tək görkəmi, səlis danışığı olmayıb, həm də səmimiyyəti olub.

“Mənə həmişə suallar verirlər ki, niyə bu qədər sevildiniz? Mənim bir cavabım olur həmişə: səmimilik”.

Rafiq Hüseynov ətrafına, yoldaşlarına, hətta sevib seçdiyi, ailə qurduğu xanımlara qarşı da səmimi olub.

O, 4 dəfə ailə həyatı qurub. Özünə layiq bilib, evləndiyi xanımların hər birinə qarşı bu səmimiliyi qoruya bilib. O, "əgər daha sevmirsənsə, deməli, həyat yolunu ayırmalısan, heç kimi münasibətdə aldatmaq olmaz", deyə düşünüb.

Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır. Bu, əslində böyük bir problemdir, yad adamla bir evdə yaşamaq üçün böyük məhəbbət lazımdır. Bunu da tapmaq asan deyil”.



Rafiq Hüseynovun ailə qurduğu xanımlardan biri xalq artisti, tanınmış diktor Roza Tağıyeva olub. Bir-birlərini sevən cütlüyün nikahı övlad itkisinə görə pozulub. Övladlarının faciəli şəkildə öldürülməsindən sonra onlar arasında münasibətlər soyuyub, yad insanlara çevriliblər. Nəhayət, sevgi üzərində qurulan ailə dağılıb.



İllər sonra həyat onu Politalogiya İnstitutunda dərs deyərkən tələbəsi Səbinə xanımla qarşılaşdırıb. Digər qızlar kimi Səbinə də xalq artistinə simpatiya ilə yanaşırmış. Ancaq bu simpatiyanın sonradan dərin sevgiyə çevriləcəyini o zaman kim bilərdi ki?!

Səbinə Hüseynova: “İlk addımı o, atdı. Mənə evlənmək təklifi etdi. Ona qarşı olan hisslərimi hələ özüm üçün aydınlaşdırmamış bu təkliflə qarşı-qarşıya qaldım”.

Aralarında 30 yaş fərqin olmasına və Səbinə xanımın ailəsinin etirazına baxmayaraq, bu evlilik baş tutub.

Xalq artisti axtardığı sevgini, qayğını Səbinə xanımda tapmışdı. Gəncikən hislərinə üstünlük verən Səbinə xanım sonralar bu qərarın nə qədər məntiqli, ağıllı olduğunu anlayıb və diktoru əvvəlkindən daha çox sevməyə başlayıb.

“Rafiq kimisə sevibsə, onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Heç kimlə qeyri-qanuni, sevgidən uzaq münasibətləri olmadığını bilirəm”.



Rafiq Hüseynov onu arvadbaz adlandıranlara belə cavab verib: "Bunu çox adam deyirdi. Amma bircə fakt göstərib, sübut edə bilməyiblər. Arvadbaz olmuşam, sevmişəm, aşiq olmuşam, burada nə var ki? Məhəbbət hər kəsin başını gələ bilər və gəlir də”.

Cütlüyün Leyli adında bir qızı var. Qəribə olsa da, onları valideyn olmaq münasibəti ilə ilk təbrik edən şəxs diktorun keçmiş həyat yoldaşı Roza Tağıyeva olub.



Dostu, ailə başçısını itirmək Səbinə xanım üçün çox çətindir. O, Rafiqin ölümünü həyatındakı ən dəhşətli mənzərə hesab edir.

Hazırladı: Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rafiq-Hüsyenov  





Xəbər lenti