Vergi ödəyicilərinin təklifləri dinlənilib

Vergi ödəyicilərinin təklifləri dinlənilib
  25 Oktyabr 2017    Oxunub:2962
Vergilər Nazirliyində vergi ödəyiciləri ilə keçirilmiş görüşdə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlər müzakirə edilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə silsilə görüşlər davam etdirilir:

“Bu görüşlərə şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, vergidən yayınma niyyəti olmayan, gəlir və xərclərinin uçotunu aparmağa cəhd edən və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri olan kiçik və orta sahibkarlıq subyektləri dəvət olunur. Görüşlərin keçirilməsində məqsəd ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinin təkliflərini dinləməkdir. Belə görüşlər qrup şəklində davam edəcək və vergi ödəyicilərinin bütün təklifləri dinləniləcək. Strateji yol xəritələri ilə bağlı öz vəzifələrimizi icra edərkən, layihələr hazırlayarkən həmin təkliflər əsas götürülərək qanun və digər normativ hüquqi akt layihələri hazırlanacaq”.

Sonra vergi ödəyicilərinin təklifləri dinlənilib. Görüş iştirakçıları lizinq təşkilatları tərəfindən maliyyə lizinqi məqsədləri üçün ölkəyə idxal olunan məhsulların idxalda ƏDV-dən azad edilməsi, əvəzsiz alınmış əsas vəsaitlərin mənfəət vergisinə cəlb olunmasının Vergi Məcəlləsində aydın göstərilməsi, Məcəllənin 137-ci maddəsinin (Birgə fəaliyyətdən əldə edilən gəlir) təkmilləşdirilməsi, hüquqi və fiziki şəxslərin məlumat dəyişikliklərinin elektron formada həyata keçirilməsi kimi təkliflər irəli sürüblər.

Vergi ödəyicilərinin təkliflərinə münasibət bildirən S.Musayevə qeyd edib ki, səmərəli vergi sisteminin təşviqi ilə bağlı Strateji Yol Xəritəsinin icrası ilə bağlı Vergilər Nazirliyi Tədbirlər Planı hazırlayıb və orada hüquqi və fiziki şəxslərin məlumat dəyişikliklərinin elektron formada həyata keçirilməsi öz əksini tapıb: “Vergilər Nazirliyinin müəyyənləşdirdiyi prioritetlərdən biri olan bu məsələnin aktuallığı nəzərə alınaraq, gələn ildən tətbiqi nəzərdə tutulur”.

Görüşdə o da qeyd olunub ki, vergi ödəyiciləri Vergi Məcəlləsinə edilən dəyişikliklərin şərhinin kitab, yaxud elektron formada hazırlanmasını vacib hesab edirlər. Vergi ödəyiciləri hesab edirlər ki, belə vəsaitlərin nəşr olunması Vergi Məcəlləsi ilə bağlı əlavə sualların yaranmasının qarşısını alar. Ümumi fikir bu olub ki, Məcəlləyə edilən bəzi dəyişikliklərlə bağlı vergi ödəyiciləri üçün təlimlərin, məlumatlandırıcı tədbirlərin keçirilməsinə ehtiyac var.
S.Musayeva bildirib ki, hər il Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı mətbuatda nazirliyin rəhbər vəzifəli şəxslərinin geniş şərhləri verilir:

“İqtisadiyyat nə qədər dinamikdirsə, Vergi Məcəlləsi də o qədər dinamikdir. Strateji yol xəritələrindən irəli gələrək, ölkədə aparılan iqtisadi islahatların davamı kimi, vergi qanunvericiliyi təkmilləşmə mərhələsində olduğu üçün bütün dəyişikliklərin şərhini dərhal çatdırmaq mümkün olmur. Vergi Məcəlləsinin şərhinin kitab kimi nəşr edilməsi üçün müəyyən texniki işlərin görülməsi zəruridir. Buna baxmayaraq, həmin istiqamətdə ardıcıl işlər görülür. Məsələn, nazirliyin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Bakı şəhərində və regionlarda vergi ödəyiciləri ilə müntəzəm görüşlər keçirilir. Bundan əlavə, vergi ödəyiciləri Məcəlləyə edilən əlavə və dəyişikliklərlə bağlı yaranan suallara Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “sual-cavab” bölməsində cavab tapa bilərlər”.

S.Musayeva əlavə edib ki, strateji yol xəritələrindən irəli gələn vəzifələrdən biri də yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin qısa müddət ərzində təlimlərə cəlb olunmasıdır. Bu məsələ ilə bağlı konkret hədəf müəyyənləşdirilmiş və qaydalar hazırlanmışdır: “Bu yenilik gələn il yanvarın 1-dən tətbiq olunacaq. Yeni fəaliyyətə başlayan vergi ödəyiciləri birmənalı şəkildə təlimlərə cəlb olunacaqlar, illərlə fəaliyyət göstərən təcrübəli vergi ödəyiciləri də öz istəkləri ilə bu təlimlərdə iştirak edə biləcəklər”.

Görüş zamanı vergi ödəyiciləri tərəfindən ƏDV bəyannaməsinin aylıq deyil, rüblük təqdim olunması; vergi hesab-fakturasının ləğv edilərək elektron qaimə-fakturaya inteqrasiya olunmaqla bir sənəddə birləşdirilməsi; şəxsi hesab vərəqəsində vergi borcunun tədiyyələr üzrə göstərilməsi və s. təkliflər də səsləndirilib. Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, bütün təkliflər qeydə alınmışdır və müzakirə üçün rəhbərliyə təqdim olunacaqdır.



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti