Abu-Dabidə qadın rəssamlarımızın sərgisi keçiriləcək

Abu-Dabidə qadın rəssamlarımızın sərgisi keçiriləcək
  09 Oktyabr 2017    Oxunub:2612
Oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin təqdimat mərasimi olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin yardımı ilə baş tutacaq sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən təşkil edilir. Sərgidə Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərləri nümayiş ediləcək.

Layihənin həyata keçirilməsində məqsəd Abu-Dabi ictimaiyyətini Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, ölkəmizin gözəlliklərini və inkişafını, gənc qadın rəssamlarımızın yaradıcılıq potensialını nümayiş etdirməkdir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü və Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edəcək bu sərginin təşkilinə ölkəmizin Abu-Dabidəki səfirliyi böyük dəstək verir. Səfirlikdən aldığımız məlumata görə gənc qadın rəssamlarımızın əsərləri Abu-Dabinin ən məşhur otellərindən birinin foyesində nümayiş olunacaq.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Macarstan və Lüksemburqda da oxşar mədəniyyət tədbirləri təşkil edib.


Teqlər: #Rəsm   #İncəsənət  





Xəbər lenti