Bu gün Müəllimlər günüdür

Bu gün Müəllimlər günüdür
  05 Oktyabr 2017    Oxunub:5170
Bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
AzVision.az xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında"adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.

Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

2016/2017-ci tədris ilinin statistikasına əsasən, Azərbaycanda ümumtəhsil müəssisələrində 146 minə yaxın müəllim çalışır. Ümumilikdə isə ali təhsil, orta ixtisas, peşə və sair. sahələrdə çalışan müəllimlərin sayı 170 mindir.

Azərbaycan müəllimlərini təbrik edirik!

Aytən Zəhra
AzVision.az



Teqlər: Müəllimlər-Günü  





Xəbər lenti