Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək
Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər.
Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.
Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi sərgi