“Canlı kalkulyator” Ruslanın atası: “Hər uşağı o cür öyrətmək olar” (MÜSAHİBƏ)

“Canlı kalkulyator” Ruslanın atası: “Hər uşağı o cür öyrətmək olar” (MÜSAHİBƏ)
  25 Sentyabr 2017    Oxunub:41866
“Rossiya-1” telekanalında yayımlanan “Udivitelnıye lyudi” (İnanılmaz insanlar) şousunda çıxış edən 6 yaşlı azərbaycanlı Ruslan Səfərov münsiflər heyətini və izləyiciləri nümayiş etdirdiyi riyazı biliklərilə təəccübləndirib. Səfərovun istedadına heyran olan münsiflər heyətinin üzvləri ona teleskop hədiyyə ediblər.


Bəs balaca azərbaycanlının bu fenomenal riyazi bilikləri haradandır? Ruslan Səfərovun atası Fuad Səfərov AzVision.az-a bildirib ki, oğluna özləri evdə riyaziyyat öyrədiblər:

- Bir müddət öncə Ruslanın videosunu “youtube”-a yerləşdirdik. Videoya çox sayda baxış gəldi. İki gün sonra Rusiyadakı həmin şoudan bizə zəng vurdular və ora dəvət etdilər. Hər kəs Ruslanı çox bəyəndi. Mən də bir ata kimi onu kənardan izlədim və fəxr etdim.

- Ruslan bütün bu hesablamaları necə öyrənib? Onu necə böyütmüsünüz? Bu, valideyn əməyinin nəticəsidir, yoxsa fitri qabiliyyədir?..

- Düşünürəm ki, hər bir uşağı bu səviyyəyə çatdırmaq olar. Əsas odur ki, erkən yaşlarından uşaqla hər gün məşğul olasınız.

- Siz necə məşğul olmusunuz?

- Əvvəl hərflər öyrədilir, sonra rəqəmlər, sonra isə üstəgəl, çıxma, vurma, bölmə... Məktəbdə keçilən kursu bir növ evdə keçdik. Amma bu kurs uşağın 7 yaşından yox, məhz 1 yaşından başlanır. Mən də Ruslanı 1 yaşından öyrətmişəm.

- Xüsusi asan bir metodunuz olubmu?

- Xeyr, elə xüsusi bir metod yoxdur. Bu, mental ariftmetika deyil, adi riyaziyyatdır... Mən coğrafiya müəllimiyəm. Babası isə mühəndisdir. Evdə Ruslanı öyrədirdik. O, indi birinci sinifə başlayıb.

- Ruslanın gələcəyi ilə bağlı hansısa bir planınız var?

- Qorxuram ki, birinci sinifdə oxumaq uşağa maraqsız gələr. Çox istərdim ki, daha güclü bir məktəbdə təhsil alsın. Və gələcəkdə elmlə məşğul olsun. Ya proqramçı, ya da riyaziyyatçı kimi yetişsin. Yolunu özü seçəcək. Mən sadəcə, məsləhət verə bilərəm.

- Deyəsən, azərbaycan dilini bilmir?

- Azərbaycan dilini başa düşür, amma danışa bilmir.

- Niyə?

- Azərbaycan dilini mütləq öyrədəcəyik. Düşünürəm ki, bu, təkcə Ruslanın yox, bütün Azərbaycanının uğurudur. Bir daha bizi təbrik edən hər kəsə təşəkkür edirəm.



Hafiz Əhmədov
AzVision.az



Teqlər: #Ruslan-Səfərov   #Riyaziyyat   Elm  





Xəbər lenti