Azərbaycan almanları. II YAZI: “Sonuncu mogikan”ın evi – Reportaj (FOTOLAR)

Azərbaycan almanları. II YAZI: “Sonuncu mogikan”ın evi – Reportaj (FOTOLAR)
  09 Avqust 2017    Oxunub:22198
Murad Köhnəqala
Şəlalə Göytürk

(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)

Artıq səhər saat 9-dur. Göygöldə Günəş üzümüzə gülür. Qəlyanaltı edir, hazırlaşır və ixtiyar dostumuz Fikrət müəllimin görüşünə tələsirik. Fikrət müəllim də almanlar kimi dəqiq adamdır. Saat 11 tamamda əzəmətli Lüteran kilsəsinin qarşısında peyda oldu.


Üzümüzdə sevinc, qəlbimizdə isə çarəsi bulunmayan bir kədərlə Göygölün sonuncu alman sakini Viktor Kleynin evinə yollandıq. Səliqəli küçələrdən keçib, taxta məhəccəri estetik işlənmiş evlərdən birinə yaxınlaşırıq.

“Çatdıq”,– deyə Fikrət müəllim maşından düşür. Biz əvvəlcə binanı kənardan seyr edirik. Fikrət müəllim söhbətə başlayır:

- Burda bütün alman evlərinin özülünə daş üzlük döşəyiblər, ancaq bu evdə ona icazə vermədim. Pəncərəsindəki dəmir tor örtüklərini də dəyişməyə qoymadım. Dedim, qoy, Viktorun vaxtında necə idi, eləcə qalsın. Sadəcə, yuyulub təmizlənəcək, vəssalam.

Biz Fikrət müəllimin arxasınca klassik alman üslubunda inşa edilmiş bu gözəl tikiliyə qalxırıq. Fikrət müəllim cibindən bir dəstə açar çıxarıb, girəcək qapısını açır. Qapının üstündəki əllə burulan zəngi çalaraq: - Bu, alman zəngidir, mən gələndə həmişə bu zənglə çağırardım Viktoru, çünki elektrik zənginə çox da etibar yoxdur – deyib, qapını itələyərək bizi içəri buraxır. İçəridə ona doğma olan əşyalardan, alman dostu ilə keçən günlərindən danışır.

- Baxın bu, onun qonaq otağıdır. Viktor üç dil bilirdi, alman, azərbaycan və rus dillərində sərbəst danışırdı. Musiqi təhsili vardı. Gördüyünüz bu pianoda mahnılar ifa edir, hərdən və oxuyurdu.



Rəşid Behbudovun “Zibeydə” mahnısını çox sevirdi, könlünə düşəndə bu mahnını pianoda çalıb, oxuyurdu. Gözəl də səsi vardı. Özü dəqiq elmlər sahəsində ali təhsil almışdı, radiotexnik işləyirdi...



- Fikrət müəllim, bəs niyə evlənməmişdi Viktor?

- Adətən, avropalılar biri-birinin ailə işlərinə qarışmağı sevməzlər, buna görə mən də heç vaxt ondan soruşmazdım. Ancaq bir dəfə özü dedi ki, anam mənə deyib alman qadınla evlən...

Ev iç-içə beş geniş otaqdan ibarətdir. Nə qədər töküntülü olsa da, hər otağın öz kaloriti və təyinatı hiss olunurdu. Növbəti otağa keçirik. Fikrət müəllim yenə danışır:

- Bura Viktorun yataq otağıdı. Mənə vəsiyyətini bax, burada eləmişdi.



Biz Viktorun yaşadığı bu evin otaqlarını sıra ilə gəzirik.

- Bu isə onun yemək otağı idi. Şkafın ağzını möhürləyiblər, qab-qacaqları içərisindədir. Bu biri otaqda isə Viktor müxtəlif güllər becərirdi. Bax, bu hündür stullar gül qabıları üçündür. Bura isə mətbəxdir. Bu, qaz sobasıdır, yeməyi həmişə özü bişirirdi. Bu da divar sobasıdı. Sobanı qalayan kimi bütün otaqları isidir.

Sonuncu otaqda daha bir çıxış qapısı var. Üstündə qədimi açar olan bu qapını göstərib soruşuram:
- Orada yenə otaq var?
- Yox, o, zirzəmiyə açılan qapıdır. Almanlar tikdiyi evlərin, bir qayda olaraq, dərin zirzəmisi də olur. Mənim yaşadığım ev də alman evidir, evin altı bütünlüklə beş metr dərinliyində zirzəmidən ibarətdir.



Biz qapıdan içəri, zirzəmi yoluna daxil oluruq. Bura da böyük bir otaqdır. Otağın bir tərəfində döşəmə kimi qapı var. Fikrət müəllim diyircəkli trosla qapını qaldırır. Qarşımızda dərin və geniş zirzəmiyə enən dəmir nərdivan görünür. Sağ tərəfdə turnik quraşdırılıb. Turnikin hündürlüyündən Viktorun ucaboylu olmasını təxmin etmək olur. Sol tərəfdəki isə hamam otağıdır. Turnikin qarşı tərəfində iri dəmir sükanlı bir dəzgah var. Dəzgahla maraqlanıram:

- Fikrət müəllim, bəs bu nə üçündür?
- Şərab çəkmək üçün. Üzümü bunkerinə töküb sükanı fırlayırsan, içəridə üzüm sıxılır və şirəsi aşağıdakı qaba tökülür. Viktor bu dəzgahla həmişə özünə şərab çəkirdi.
- Yəni çox içirdi?
- Yoox, elə çox içən də deyildi. Ancaq dostlar qonaq gələndə şənlənməyi, musiqi səsləndirməyi sevirdi. Ancaq son vaxtlarında içkini biraz artırmışdı. Bir dəfə soruşdum ki, niyə belə eləyirsən? Dedi, özgə nə edə bilərəm ki? Sonra da bax, belə oldu. İndi ayda bir neçə dəfə qəbrini ziyarət edirəm.
- Çox istərdik dostunuzun qəbrini biz də ziyarət edək.
- Yaxşı, gedərik, sabah birlikdə gedərik...



Biz yavaş-yavaş otaqlardan geri çıxırıq. İçəridə belə bir aura vardı, bir zamanlar Viktor öz doğmaları, vətəni üçün bu evdə necə darıxırdısa indi əşyalar ondan ötrü eləcə darıxır.
Hələ o piano...

Sürgünlər görmüş, qürbət yaşamış, doğmalarını itirmiş alman Viktorun evini beləcə hüznlə tərk edirik.
Lakin bu kədərin içində təsəlli də yox deyil, çünki ev yaxınlarda bütün Cənubi Qafqaz almanlarının ümumi ocağına çevriləcək. Viktorun və onun dostu Fikrət müəllimin arzuladığı kimi...

(Ardı BURADA)

AzVision.az



Teqlər: #Azərbaycan-almanları   #Viktor-Klayn   #Göy-göl  





Xəbər lenti