Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu

   Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu
  16 Aprel 2025    Oxunub:356
Müxalifətçi Vardan Qukasyan Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün meri seçilib. Onun namizədliyini üç müxalifət partiyası dəstəkləyib.
AzVision.az xatırladır ki, Gümrüdə növbədənkənar seçkilər mer Vardakes Samsonyanın ötən ilin oktyabrında istefasından sonraya təyin olunub. Bundan əvvəl də şəhərdə yerli hakimiyyət hakim “Vətəndaş Müqaviləsi” partiyasına aid deyildi: 2012-ci ildən 2021-ci ilə qədər mer postunu oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının dəstəklədiyi Samvel Balasanyan tutub.

2024-cü ildə Ermənistan hüquq-mühafizə orqanları ona qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açıb, lakin keçmiş mer ölkədən qaçaraq həbsdən yayınıb.

Balasanyanın istefasından sonra onun tərəfdarları ilə “Vətəndaş Müqaviləsi”nin nümayəndələri arasında razılaşma nəticəsində sabiq merin himayədarlıq etdiyi Samsonyan mer olub. Lakin hakim partiyanın təzyiqi ilə Samsonyan istefa verdi və bu, yeni seçkilərin təyin edilməsini şərtləndiridi. Merin səlahiyyətlərinin icrası isə hakim partiyanın təmsilçisi Sarik Minasyana tapşırılıb.

Seçkilər sərt rəqabət şəraitində keçib. Əsas mübarizə Minasyanın özü, Ermənistan Kommunist Partiyasının üzvü, Gümrü şəhərinin keçmiş meri (1999-2012) Vardan Qukasyan və faktiki olaraq sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının dəstəklədiyi parlament üzvü Martun Qriqoryan arasında gedib.

Paşinyan partiya yoldaşlarına hədə-qorxu gəlib
Seçkiqabağə kampaniyada tərəflər bir-birini seçicilərə təzyiq, rüşvətxorluq və inzibati resurslardan istifadə etməkdə günahlandırıblar. Hüquq-mühafizə orqanları Qriqoryanın bir neçə tərəfdarını seçicilərə rüşvət payladığına görə saxlayıb və hakimiyyət onun seçicilərə təzyiq göstərən cinayətkar qruplar tərəfindən dəstəkləndiyini bildirib.

Qeyd edək ki, son vaxtlar baş nazir Nikol Paşinyanın və hakim “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi xeyli aşağı düşüb. Bu kontekstdə Gümrüdəki seçkilər gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan komandası üçün mühüm əhəmiyyət kəsb edirdi. Bəzi mənbələrin məlumatına görə, Ermənistanın baş naziri nəyin bahasına olursa-olsun, bu seçkilərdə qalib gəlməyi öz partiyasının qarşısında vəzifə kimi qoymuşdu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qukasyan   Gümrü   mer  





Xəbər lenti