“U-21” böhran içində - TƏHLİL

“U-21” böhran içində - TƏHLİL
  09 Sentyabr 2013    Oxunub:1639
İsraildə 7 top buraxan yığmamızda Lippertə ehtiyac varmı?
İsrail yığması ilə səfər qarşılaşmasından məğlubiyyətlə dönən 21 yaşlılardan ibarət Azərbaycan milli komandası problemlər burulğanında itib-batdığını bir daha göstərdi. Əslində, millinin son rəsmi matçlarında prinsipcə, qeyri-adi heç nə baş vermədi. Hər halda, müstəqil futbol tariximizdə öyünə biləcəyimiz qələbələr olduqca azdır. Deməli, müstəqillik illərimizdə payımıza ən çox məğlubiyyət düşdüyündən, İsrail yığmasına 7:2 hesablı məğlubiyyəti də həzm etməliyik.

Artıq uzun müddətdir ölkəmizdə çalışan alman mütəxəssis Bernard Lippertin yetirmələri hələ də qapazaltı imicini üzərində saxladığından, artıq mətbuatın tənqidləri də monoton xarakter daşıyır. Amma deyəsən, hələ də AFFA rəhbərliyi Bernard Lippertin futbolumuzu uçuruma apardığından xəbərsizdir. Ölkə futboluna maliyyə axını başladıqdan sonra əcnəbi futbolçular kimi legioner məşqçilər də futbol arenamızda görünməyə başladı. Düzdür, futbol təsərrüfatımızda tanınmış futbol adamlarının çalışması pis hal deyil, amma məsələnin dərinliyinə nüfuz edəndə əcnəbilərin ölkəmizə sadəcə asan qazanc dalınca gəldiyi bəlli olur.

Düzdür, uğursuzluğu bütünlüklə Bernard Lippertin üzərinə qoymaq düzgün olmazdı. Axı həmin gün meydana futbolumuzun istedadlı nümayəndələri hesab etdiyimiz və yaxın gələcəkdə milli komandanın özəyini təşkil edəcək oyunçular çıxmışdı. İsraillə dünənki matçda meydanda kimlər yox idi ki? Tərlan Quluyev, Elvin Yunuszadə, Amit Quluzadə, Mirhüseyn Seyidov, Ağabala Ramazanov və s. Lakin iş orasındadır ki, yığma üzvlərinin hazırlıq səviyyəsinə cavabdeh olan şəxs məhz almaniyalı çalışdırıcıdır. Əgər milli komandada vəziyyət ürəkaçan deyilsə və Bernard Lippert geridə qalan illərdə bunu dəyişə bilməyibsə, onda niyə olimpiyaçılarımızın “sükanı arxası”da məhz almaniyalı olmalı, başqa sözlə, niyə Bernard Lippertin yerini futbolumuzunn istedadlı nümayəndələri tutmamalıdır?

Görünən odur ki, uğur qazanmaq üçün müasir futbolun incəliklərini bilən və onu tətbiq etməyə gücü olan gənc kadrlara ehtiyac var. Nə də olsa, artıq Qurban Qurbanov və Arif Əsədov kimi gənc yerli məşqçilər uğurlu klub karyerası qurmaqla bunu sübut ediblər. Bəs görəsən, AFFA rəhbərliyi almniyalı Bernard Lippertlə yolları ayırsa, onu bu vəzifədə kimlər əvəzləyə bilər?

Bu baxımdan ilk ağıla gələn mütəxəssis Arif Əsədovdur. 2006-2008-ci illərdə hazırda baş məşqçisi olduğu U-19 millisini vropa çempionatının elit raunduna çıxaran, həmçinin 2009/2010-cu illər mövsümündə "Neftçi"nin əvəzedicilər, 2010/2011-ci illər mövsümündə isə əsas komandası ilə çempionluq yaşayan Arif Əsədov milliyə təyinat ala bilər.

Əgər federasiya rəsmiləri alman çalışdırıcıyla yolları ayırsa, bu postu İqor Ponomoryova tapşırmaq olar. Əsas milli komandamızın sabiq çalışdırıcısının millidəki işi nisbətən uğurlu alınsa da,“Qarabağ” və “Xəzər Lənkəran”da uğursuzluğa düçar olduğunu söyləməliyik. Təbii ki, mümkün təyinatda İ.Ponomoryovun hazırda işsiz olması və məhz Azərbaycanda çalışmaq istəməsi də əsas ola bilər.

Gənclər yığmasının “sükanı arxası” na hazırda Naxçıvan “Araz”ını, müxtəlif vaxtlarda isə həm əsas, həm də Olimpiya yığmamızı çalışdıran Əsgər Abdullayev də gətirilə bilər. Qeyd edək ki, Ə.Abdullayev hər iki millidə çalışdığı zaman ölkə miqyasında uğur sayıla biləcək nəticələrə imza atıb. Xatırladaq ki, əsas yığmada çalışarkən, Serbiya və Çernoqoriya millisindən səfərdə bir, “ev”də isə üç xal almaqla yanaşı, gənclər yığmasının baş məşqçisi kimi U-21-in tarixində ən çox xal (8) qazanmasıyla azarkeşlərin yaddaşında iz qoymağı bacarıb. Hazırda “Araz” komandasına rəhbərlik edən mütəxəssis işsiz olmasa da, AFFA-nın mümkün təklifinə müsbət cavab verməyəcəyinə heç kim zəmanət verə bilməz.

Sözügedən postu tuta biləcək daha bir yerli mürəxəssis isə Nazim Süleymanov ola bilər. Hazırda əsas millidə Berti Foqtsun köməkçisi kimi çalışan N.Süleymanovun Azərbaycan futboluna daha yaxından bələd olması U-21-də uğur qazanmasını şərtləndirə bilər.

Hər nə qədər inandırıcı olmasa da, AFFA Bernard Lipperdlə əməkdaşlığı davam etdirməsə, Olimpiya yığmasına baş məşqçi kimi Yunis Hüseynovun da namizədliyini irəli sürmək olar. Məşqçi kimi “Karvan” və “Standard” və “Xəzər Lənkəran”da fəaliyyət göstərən və Yevlax təmsilçisinə gümüş və bürünc medalları qazandıran gənc mütəxəssis bundan əlavə, “Karvan”la o vaxtkı adı ilə UEFA kubokunda mərhələ adlamaqla adını Azərbaycan futbol tarixinə yazdırıb. Məşqçi kimi əsas özəlliyi son dərəcə iddialı olması, rəhbərlik etdiyi komandalarda kollektiv oyuna üstünlük verməsi və futbolçular arasında yüksək nizam-intizam yaratmaq olan Y.Hüseynovun milli səviyyəsində də adından söz etdirəcəyini düşünmək olar.

Hər halda, Olimpiya millimizin baş məşqçisi postunda dəyişiklik etmək səlahiyyəti AFFA-da olduğundan bizim istəklərimizin nəzərə alınması qeyri-real görünür, amma qətiləşən bir şey var ki, milli komandamızda Bernard Lippertin yox, hər hansı bir yerli məşqçinin çalışması futbolumuzun yalnız xeyrinə ola bilər.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti