Həbsxanada bəy qızına vurulan azərbaycanlı aktyorun qəribə taleyi

Həbsxanada bəy qızına vurulan azərbaycanlı aktyorun qəribə taleyi
  02 Avqust 2017    Oxunub:56735
Xalq artisti Rza Əfqanlı Azərbaycan səhnəsinin əfsanəvi aktyorlarındandır. Amma onun haqqında çox şeyləri bilmirik. Əməkdar artist Əli Nurzadə AzVision.az-a müsahibəsində Rza Əfqanlı ilə ilk tanışlığı, birgə işləməsi, xatirələri haqqında söhbət açıb.
- Rza Əfqanlı ilə ilk görüşüm 1963-cü ildə olub. Mən orta məktəbdə oxuyurdum. Bakıya dayımgilə yay tətilinə gəlmişdim. Bir gün keçmiş “Kommunist”, indiki “İstiqlal” küçəsində iri sinəli, enli kürəkli, ağ köynək, üstündən pencək geyinmiş bir kişinin iti addımlarla aşağı düşdüyünü gördüm. Hamıdan fərqlənən bu sima əfsanəvi Rza Əfqanlı idi.

Onu ikinci dəfə 1966-cı ildə Filarmoniyada gördüm. Səməd Vurğunun 60 illiyinə həsr olunan tədbirdə “Vaqif” tamaşasından parçalar ifa olunurdu. Vaqif obrazını Rza Əfqanlı, Xuraman rolunu isə Barat Şəkinskaya oynayırdılar. Onların oyunu məni sehirləmişdi.

“Dedi gəl, güləşək”

1972-ci ildə institutu bitirdikdən sonra Hüseyin Ərəblinski adına Sumayıt Teatrının baş rejissoru Ağakişi Kazmovun dəvətilə həmin teatra getdim. Bilirdim ki, bir neçə tanınmış sənətkarlarla bərabər Rza Əfqanlı da orada işləyir.

Onun çiynində olan pencəyinin sinəsi başdan-ayağa orden və medalla dolu idi. Mən teatrın girişində ona qəflətən belə bir sual verdim: “Rza müəllim, siz “Dağlarda döyüş” filmində aktyor Şahmar Ələkbərovla güləşəndə qayalıqda ona “Nelson fəndi” vurursunuz. Onu necə etdiniz bu yaşda?

Rza Əfqanlı çiynindəki pencəyini cəld Vaqif Əliyevə doğru atdı, güləş duruşunu tutdu və “Övladım, mən səninlə də güləşərəm. Yaxın gəl görüm”,- dedi. Onda 78 yaşı var idi. Onun pəhləvan görünüşü məndə çox xoş hiss yaratdı. Qeyd edim ki, o, yaşını 4 il azaltmıışdı. Sonralar qızı da bu faktı təsdiqlədi. Beləliklə, biz Rza Əfqanlı ilə dostlaşdıq.


Aktyor Əli Nurzadə

Mən həyatımda iki dəfə özümü unutmuşam. Və açıq qalan çənəmi əlimlə qapamışam. Birincisi 1968-ci ildə İncəsənət İnstitutunda onun 4 saatlıq dərsində, İkincisi isə Sumqayıt Teatrında “Müsibəti-Fəxrəddin” əsərini səhnələşdirərkən Rza Əfqanlının Rüstəm bəy obrazını məşq etməsi zamanı.

Bir dəfə Xalq artisti Məzahir Süleymanovla Filarmoniya bağının yanında avtobus gözləyirdik. Rza Əfqanlı həmişəki kimi iti addımlarla bizə yaxınlaşdı. Üzünü mənə tutub dedi: “Siz burada nə gəzirsiniz? Övladlarım, aktyora gəzmək olmaz. Olmaz! Şəhərə boş yerə çıxmaq olmaz. Aktyor mütaliə etməli, öz üzərində işləməlidir”. O, dayanmadan bizi məzəmmət edirdi. Mən imkan tapıb, “Biz tamaşanın paltarının ölçüsünə görə gəlmişik”,- dedim. Rza Əfqanlı “Hə, onda olar”,- dedi.

Həbsxanadan baxıb, qız bəyənmişdi

Mənim teatrda ilk rolum Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Bəhram obrazı oldu. Biz avtobusa oturub Bakıya evə gələndə o, məni öz yanına, qabaq oturacağa çağırdı, qoluma girdi, fərəhlə təbrik etdi. Cəfər Cabbarlının digər əsərlərinin qəhrəmanlarını - Aydını, Oktayı, Elxanı necə oynamasından danışıb, məsləhətlər verdi. Məni ruhlandırıb, “Sən böyük aktyor olacaqsan”,- dedi.

Biz hər səhər xidməti maşınla Bakıdan Sumqayıta işə gedəndə onu “Şamaxinka” deyilən yerdəki evindən götürürdük. O, içəri girən kimi üzünü aktrisalara tutub, bir neçə məhəbbət şeiri deyib, əhvalı şuxlaşadırardı. İstirahət günləri isə görüş yerimiz “Azdrama”nın qarşısı idi. Bu, heç vaxt dəyişməzdi.

O, mənə bütün həyatını danışıb. Otuzuncu illərdə İran vətəndaşlarını geriyə deportasiya edirdilər. Əfqanlı aktyor olduğu və teatrda çalışdığı üçün qalır. İrana dönmədiyi və İran vətəndaşlığından imtina etmədiyi üçün onu burada həbs ediblər. Həbsxana Azad Qadın heykəlinin yanında yerləşən və o vaxt “Karamel fabriki” adlanan binada olub. Həbsxananın pəncərəsindən baxanda Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir bəy qızını görür. Ona möhkəm vurulur. Həbsxanadan çıxandan sonra həmin xanımı tapıb, onunla ailə həyatı qurur. Bu nikahdan onların Xumar Zülfüqarova adlı qızı dünyaya gəlir.



Qızını Siyavuş Aslana vermək istəmirdi

İkinci dəfə isə Rza Əfqanlı geyim üzrə rəssam olan Bədurə xanımla ailə qurub. O vaxtlar stol arxasında məşq prosesi zaman rol dəftərinə rəngli karandaşlarla səsin uzadılması, ucalığı, fasilə və sair ilə bağlı işarələr qoyularmış. Bədurə xanım rəssam olduğu üçün Əfqanlı məşqlərə o zamanlar çətin tapılan rəngbərəng karandaşlar gətirərmiş. Dəftərinin kənarına qoyanda hamı həsrət və qibtə ilə ona baxarmış.

Rza Əfqanlının üçüncü evliliyi isə teatrda rəqqasə olan Tahirə xanımla baş tutub. Bu evlilikdən aktrisa Ofelya Aslan dünyaya gəlib. Mən onunla bir neçə tamaşada tərəf-müqabili olmuşam.

Rza Əfqanlı xalq artisti olan qızı Xumarla fəxr edirdi. İkinci qızı Ofelyanı da çox istəyirdi. Bir dəfə Bakıya möhkəm qar yağmışdı. Mənə dedi ki, qar və soyuq olmasına baxmayaraq, görüşək. Həmişəki yerimizdə görüşdük. O, çox şux idi. Əynində drap palto, şarf, gözəl kəsmə, bahalı papaq və əlcək var idi. Dedi, Ofeliyanın qayınatası rəhmətə gedib, onlara gedək. Mən onun qoluna girdim. Mirzəağa Əliyev küçəsilə vağzala sarı getdik.

O, mənə qızlarının ailə qurmasından danışdı. Ofelya Aslanın Siyavuş Aslanla ailə qurmasına etiraz etdiyini dedi: “Bir gün eşitdim ki, Quba Teatrının Siyavuş adlı aktyoru Ofelyaya elçi gəlmək istəyir. Mən etiraz etdim. Dedim, baxmayaraq ki, özüm də aktyoram, amma səni artistə ərə vermərəm. O, sənin qədrini bilməz. Ofelya məni eşitmədi, Siyavuşla ailə qurdu. Mən onun cehizini artıqlaması ilə verdim və həmişə əlim üstündə oldu. Bir gün Ofelya mənim yanıma gəlib, gözüyaşlı yoldaşından gileyləndi. Mən axşam onlara getdim, Siyavuşun gəlməyini gözlədim. Ona dedim ki, qızımı aparıram. Mənə çox dil tökdü ki, dedi ki Ofelyasız yaşaya bilməz. Mən qəflətən ayağa qalxıb, Siyavuşun yaxasından tutub, bir əlimlə divara dirədim ki, “Ayə, sən bilirsənmi, o, Əfqanlının qızıdır? Sən bilmirsən Əfqanlı kimdir?..”

Biz yas yerinə çatanda hamı ayağa qalxıb, Əfqanlını bağrına basdı. Ofelya gəlib atasının üzündən öpüb, qucaqladı.

Bağırovun qəzəbindən qəribə qurtuluş

Həmişə deyərdi ki, “Mən müharibədə olmamışam, amma heç bir aktyorda mənim qədər orden-medal yoxdur. Kino üzrə ilk ordeni Stalinin əmrilə Bağırov özü mənim sinəmə taxıb. “Kəndlilər” filmində mən Bağırovun obrazını yaratmışdım. Buna görə də o, məni çox istəyirdi”.

Danışırdı ki, bir dəfə piyada “Azad qadın” küçəsi ilə yuxarıya gedirmiş. Bağırov isə qara maşınla aşağıya doğru gəlirmiş. Onu görcək Bağırov sürücüsünə nəsə deyib. Sürücü maşının sürətin azaldıb. Bağırov şəhadət barmağını eynəyinin arasına sıxıb və diqqətlə Əfqanlıya baxıb. Rza Əfqanlı donub yerində qalıb. Çünki o, bilirdi ki, bu, parol idi. Bağırov kimi həbs etdirəcəkdisə, barmağını o cür edib, həmin adama diqqətlə, ilan kimi baxırdı. Maşın aralanana qədər Bağırov ona baxıb. Rza Əfqanlı çox pis vəziyyətə düşüb. Günlərlə teatrda, evdə səksəkəli gəzib ki, indi gəlib onu aparacaqlar. Ancaq bəxti üzünə gülüb, ona heç nə etməyiblər.



Əfqanlı “Azdrama”dan getməsinin səbəbini də mənə danışmışdı: “Təxminən 1942-1943-cü illlərdə Ədil İsgəndərov məni çağırdı ki, “Hamlet”, “Otello” tamaşalarında oynamısan, istəyirəm ki, səninlə “Otello”nu işləyək. Mən razı olmadım. Dedim, əgər sizə Otello lazımdırsa, gənc aktyor Ələsgər Ələkbərovu tövsiyə edirəm. Səsi də, görünüşü də sizə uyqun gələcək. Mən ona kömək edərəm. Onu inandırdım və biz birlikdə “Otello”nu hazırladıq.

Ancaq Ədil İsgəndərovdan sonra vəziyyət dəyişdi. Teatra təzə direktor, baş rejissor gəldi. Ələsgər dünyasını dəyişdi. Onun ölümü mənə çox pis təsir edirdi. Bir gün direktor məni çağırdı ki, bəs “Otello”nu yenidən bərpa edirik, hazırlaş. Mən soruşdum ki, Otello kim olacaq? Dedi, necə yəni kim? Ələsgərin dublyoru İsmayıl Dağıstanlı. Mən dedim ki, Ələsgərdən sonra Otello tanımıram və onunla oynamaram. Direktor dedi ki, onda ərizəni yaz, işdən çıx. Mən tez truppa müdirinin otağına düşdüm. Ərizəmi yazıb, işdən getdim”.



Papazyana nifrətin səbəbi

Mən bir dəfə ondan soruşdum ki, Rza müəllim, siz bu qədər “Otello”larla oynamısınız, onlardan ən çox hansını bəyənmisniz. Gözləyirdim ki, Ələsgər Ələkbərovun adını çəkəcək. O, əlini qoltuq cibinə salıb, qara bir cib dəftərçəsi çıxartdı. Dəftərçənin arasından bir şəkil götürüb, yuxarı qaldırdı. Bu, Abbas Mirzə Şərifzadənin “Şeyx Sənan” tamaşasından olan fotosu idi. Şəklə baxıb dedi: “Mən yeddi “Otello”nun - Abbas Mirzə Şərifzadə, Ülvü Rəcəb, Rus Dram teatrının aktyoru Sokolar, erməni aktyorlar Papazyan və Abelyan, Osetin aktyor Tuxapasayer və Ələsgər Ələkbərovun “Yaqo”su olmuşam. Hamısı SSRİ xalq artistləridir. Amma bu dünyaya bir də nə belə Otello, nə də belə aktyor gələcək”.

Mən onun gözlərinin içinə baxırdım. 60 il səhnədə gözündən yaş gəlməyən Əfqanlının gözündən yaş axırdı. Şəkli üç dəfə öpüb, dəftərçənin arasına qoydu. Mən isə mat-mat bu əfsanəvi səhnəyə baxırdım. O, ürəkdən fəxr edirdi ki, A.M.Şərifzadə kimi əfsanəvi aktyorla eyni otaqda qrim edib.

O, erməni aktyoru Papazyana nifrət edirdi. Papazyanı 1913-cü ildə Sultan Əbdülhəmid İstanbuldan qovumuş, o da gəlib Rusiyaya sığınmışdı. Parisdə qatrolda olanda həmyerlisi eməni Gülbekyan (Osmanlı imperiyasının Neft və Dağ-Mədən naziri olub) Papazyanın şərəfinə 300-ə yaxın kübar şəxsin iştirakı ilə məclis təşkil edir. Məclisdən qabaq Papazyan Gülbekyanın barmağındakı çox bahalı üzüyü görüb deyir ki, sən o üzüyü mənə borc ver, tamaşadan sonra qaytaracağam. Qoy, Paris elitası Otellonun necə üzüyünün olduğunu görsün. Tamaşadan sonar isə deyir ki, cənab Gülbekyan, mən tamaşada oynayanda üzük barmağımdan səhnəyə düşüb. Həyəcanlı olmuşam, xəbərim olmayıb. Tamaşadan sonra qalıb üzüyü axtardım, tapılmadı. Görünür, səhnə işçilərindən kimsə götürüb, sənin yanında üzüqara qaldım. Gülbekyan deyir, canın sağ olsun. Amma sonradan həmin üzüyü Papazyanın barmağında görürlər. Bu, onun nə birinci, nə də ikinci fırıldağı idi. Getdiyi bütün qastrol səfərlərində fırıldaqla birindən ayaqqabı, birindən üzük alıb, aradan çıxırmış. Bir sözlə, erməni xislətini hər yerdə göstərirmiş. Əfqanlı da onun xislətindən xəbərdar idi.

Kəfən pulunu boynunda gəzdirərmiş

Rejissor Əbdül Mahmudov danışırdı ki, “Dağlarda döyüş” filminin Lerikdə çəkilişi zamanı Əfqanlı birdən-birə çəkiliş meydançasından yoxa çıxıb. Onu xeyli axtarıblar. Nəhayət, İranla sərhəddə məftillərin yanında üzü Cənubi Azərabaycana tərəf durmuş vəziyyətdə tapıblar. O, sərhəddəki məftillərdən tutub, ucadan dua oxuyurmuş.



Bir dəfə Kürdəmirdə olarkən Rza Əfqanı boynundan asdığı qara kisəsini getdiyi hamamda unudur. Kisənin içində 10 min manat pul varmış. Aləmi bir–birinə vurur. Tez hamama gəlir, oradakılara deyir pulumu itirmişəm. Qara kisəni ona verirlər. Açıb görür ki, pullar yerindədir. O pulları özü üçün kəfən pulu kimi saxlayırmış.

Mən 1973-cü ildə mayın 15-də hərbi xidmətə yola düşdüm. Noyabrda teatrdan məktub aldım ki, Rza Əfqanlı dünyasını dəyişib. Hönkürtümü saxlaya bilmədim. Həmişə Rəsul Rzanın Əfqanlının ölümünə həsr etdiyi şeiri hər yerdə səsləndirirəm.




Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti