Uşağın qız olmasının “günahı” kimdədir?

Uşağın qız olmasının “günahı” kimdədir?
  31 İyul 2017    Oxunub:33476
Yeni doğulan körpəni qız olduğuna görə öldürən atanın elədiyi hərəkət təkcə vəhşilik və cinayət deyil, həm də cahillik və savadsızlıqdır. Elementar, amma dəhşətli savadsızlıq.
Çox vaxt dünyaya qız övladı gətirdiyinə görə qadınlar aşağılanır, təhqir olunur. Halbuki, uşağın cinsi atadan asılıdır. Burada ana heç bir rol oynamır. Orta məktəbdə biologiya dərsini oxumayanlar üçün bunu qısaca izah etməyə ciddi ehtiyac görürük.

İnsan hüceyrələrində 46 xromosom olur. Bunlardan ikisi cinsiyyəti müəyyən edən X və Y xromosomlarıdır. Amma cinsiyyət hüceyrələri istisnadır: onlarda 23 xromosom var ki, ata və ananın xromosomları birləşəndə 46 olsun.

Adi hüceyrələrdən fərqli olaraq, cinsiyyət hüceyrəsində X və Y xromosomlarından ancaq biri olur.

Qadın öz gələcək övladına ancaq və ancaq X xromosomunu verə bilər. Çünki onun yumurtahüceyrələrində Y xromosomu olmur. Kişidə isə bu cinsiyyət xromosomlarının hər ikisi var. Və gələcək uşağın cinsi atanın anaya məhz hansı xromosomu ötürməsindən asılıdır.

Əgər cinsi münasibət zamanı qadının yumurtahüceyrəsi X xromosomu daşıyan spermatozoidlə mayalansa, onda dünyaya qız gələcək. Yox, əgər kişidən qadına Y xromosomunu daşıyan hüceyrə keçsə, onda oğlan doğulacaq. Çünki XX xromosom dəsti qadın, XY dəsti isə kişi orqanizmini formalaşdıran genetik kodu işə salır.

Bunlardan hansının alınması ehtimalı 50:50-yədir. Heç bir dietanın, vaxt seçiminin və sair və ilaxırın fərqi yoxdur. Biz onu sifariş edə bilmərik. Sadəcə olaraq, bilmək lazımdır ki, uşağın cinsi anadan yox, yalnız və yalnız atadan asılıdır. Bu, işin bioloji tərəfidir.

İşin sosial-mənəvi tərəfinə gəlincə, qız uşağını sadəcə cinsinə görə abort etdirmək, yaxud doğulandan sonra öldürmək kişilik deyil. Bu, elementar qorxaqlıq və vəhşilikdir. Bu, əlini körpə qanına bulamaq, vicdanına körpə qatili damğasını vurdurmaqdır. Çünki o körpənin qız olmasının səbəbi məhz atasıdır, başqası yox! Elə isə, öz “günah”ının əvəzini məsum varlıqdan çıxmaq nə deməkdir?

Əksinə, qız uşağını sevmək, ləyaqətli insan kimi böyütmək, qız atası olmağınla fəxr etmək - əsl kişi hərəkəti bax, bu olardı. Üstəlik, o körpənin böyüdükcə atasına yaşatdığı xoşbəxtlik bütün əziyyətlərdən min qat artıq mükafat olacaq!

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Qız-uşağı   #Cəhalət  





Xəbər lenti