“Game of Thrones”dan çıxan 10 dərs – SİYAHI

  18 İyul 2017    Oxunub : 23966
“Game of Thrones”dan çıxan 10 dərs – SİYAHI
Yenə də bütün dünya nəfəsini qısaraq, “Game of Thrones” serialının 7-ci sezonunu izləyir. Bəli, bu, həqiqətən də möhtəşəm şoudur. Amma təkcə şou deyil. “Taxt oyunları”nı bu qədər məşhur edən həm də odur ki, serial fentezi fonunda real insani münasibətlərin, siyasi intiriqaların, hakimiyyət oyunlarının məntiqinə də toxunur və bəzən açıq, bəzən gizli mesajlar verir.
Şouda belə mesajlar kifayət qədər çoxdur. Ona görə də, yeni sezon başlayarkən biz həm əvvəlki mövsümləri xatırlamaq, həm də serialdan çıxarılması mümkün olan dərslərin onluğunu müəyyən etmək qərarına gəldik.

1. Düşmənə inanma və haqlı öl

İlk sezonun sonunda Ned Starkın boynunun vurulması səhnəsi tamaşaçıya dəyən tərs şillə effekti doğurdu. Təkcə ona görə yox ki, biz Şon Bin kimi aktyoru şouda daha çox görmək istəyirdik. Xeyr, məsələ onda idi ki, Ned Stark ailəsinin təhlükəsizliyi üçün düşməninin – Lanisterlərin bütün tələblərini qəbul etmişdi. Haqlı olduğu halda, etmədiyi günahları boynuna almışdı. Bundan sonra bağışlanmağı lazım idi, amma əksinə, günahkar kimi, adı ləkələnərək boynu vurulur, ailəsi pərən-pərən salınır. Halbuki, ən azından təmiz adını saxlayaraq, haqlı ölmək də olardı. Valar marqulis! Ölüm onsuz da hər tinin dalında səni gözləyə bilər, bu, qorxulu deyil. Əsas odur ki, ləyaqətlə öləsən.

2. Övladını qudurtma

Ramsi Boltonun nəinki hərəkətlərini, sadəcə sifətini görəndə belə, tamaşaçıların əti ürpəşirdi. Çünki qudurmuş insan həmişə ikrah doğurur. Serial onun timsalında açıq şəkildə bu mesajı verə bilirdi ki, qudurmuş insanın itdən heç bir fərqi yoxdur. Hamını itə yedizdirir, axırda özünü də itlər yeyir. Bu qudurmuş insan-itin çox hərəkətləri bizi şoka salmışdı, amma öz atasını öldürməsi emosional baxımdan ən güclü məqamlardan biri oldu. Çünki onu qudurdan məhz elə atası idi.

3. Yerinə sadiq ol

Con Snounu bizə sevdirən nədir? O, həmişə yerini bilir, heç vaxt öz boyundan artığına iddia etmir. Bicbalasansa, deməli, bicbala yerində oturmalısan; gecə qarovulundasansa, deməli, qarovulunu çəkməlisən... Onun özü yeni mövqelər uğrunda savaşmır, məhz yerini bildiyi və görməli olduğu işi vicdanla gördüyü üçün süjet onu daha yaxşı yerlərə aparır. Amma Con Snou təkcə yerini yox, kimə nə borclu olduğunu da bilir, özünü riskə atsa da, dostlarının qarşısındakı borclarını yerinə yetirir. Əslində bu da yerini bilməyin başqa formasıdır – o, özünün dost yerini də bilir və ona sadiqdir.

4. Güclü olanda təmkinini itirmə

Oberin Martellin dəhşətli ölümü elə səhnələrdəndir ki, onu bircə dəfə gördünmü, ölənə qədər unuda bilməyəcəksən. Elə isə, yaxşı olar ki, o səhnədən çıxan dərsi də unutmayaq. Axı Oberin artıq Kleqana qalib gəmişdi. Məğlub olmaq və əzab içində ölmək üçün heç bir səbəb yox idi. Sadəcə, işi bitirib, gedib kənarda onu gözləyən qadını və şərabı ilə qələbəni qeyd etmək qalırdı. Amma yox, döyüşdən əvvəl içilən şərabın istisi Oberinin beynini dumanlandırır, o, təmkinini itirir və düşmənin əlində olan fürsəti düzgün qiymətləndirmir. Daha doğrusu, özü düşmənə fürsət qazandırır.

5. Fərqli mədəniyyətlərə hörmət et

Viseris Tarqarianın birinci sezondakı ölümü də yaddan çıxası səhnələrdən deyil – Kxal Droqo qızılı əridir və onun boğazına tökür. Niyə? Axı elə həmin Kxal Droqo onu hakimiyyətə - Dəmir Taxta apara bilərdi və aparırdı da! Bəs nə oldu? Olan o idi ki, Viseris fərqli mədəniyyətə malik insanların düşüncəsini, dünyagörüşünü, həyata baxışlarını, hakimiyyət fəlsəfəsini anlaya bilmədi. Bu baxımdan bacısı Deyeneris ondan daha ağıllı çıxdı və nəticədə taxtlarını dəyişə-dəyişə hazırda ən yuxarıya – Dəmir Taxta doğru gedir.

6. Mistikaya inanma

Niyə Stannis Barateon hakimiyyətə hamıdan çox hüququ çatdığı halda, ən uğursuz, əl-ayaq altında qalıb əzilən və miskin bir personaj kimi dünyanı və serialı tərk elədi? Çünki o, siyasətə və qılınca güvənmək əvəzinə mistikaya, magiyaya arxalanırdı. O dərəcədə ki, hətta doğma qızını, məsum körpəni belə, diri-diri yandırır. Amma heyhat! Əgər dünyada fal ilə, magiya ilə qalib gəlmək mümkün olsa, ordular əsgərlərdən deyil, falçılardan və cadugərlərdən ibarət olardılar. Qalib gəlmək istəyirsənsə, ilk növbədə oyunun qaydalarını bilməlisən.

7. Sevilməyən insan təhlükəlidir

Tirion Lanister mənfi personaj deyil. Hətta çox sevimli bir obrazdır. Amma faktik olaraq, atasını öldürüb, bacısı ilə düşməndir, ölkəsinin üzərinə gələn Deyenerisin əsas məsləhətçisidir. Bunlar isə pis hərəkətlərdir. Fəqət mahiyyətcə pis insan olmayan biri niyə pislik edir? Səbəb sadədir: onu sevmirlər, yaxşı olmağına şans vermirlər, pis olmağa məcbur edirlər. İnsanlara yaxşı olmaq üçün şans verin, ondan sonra dəyərləndirin.

8. Qisasın geci olmur

Hətta balaca bir qız – Aria Stark da qat-qat güclü düşmənlərdən qisas ala bilir. Gec olmağı əsas deyil. Burda məqsəd başqadır: pislik edən adama rahatlıq olmamalıdır. Pislik edən həmişə qorxmalı, səksəkə içində yaşamalıdır, hər şeydən çəkinməlidir, yatağına qor dolmalıdır, həyatının bütün rahatlığı itməlidir. Pislik etdiyin andan sən rahat yaşamaq hüququnu itirirsən! Pislik etdiyin tərəf isə əksinə, yaşamaq və güclənmək üçün ciddi bir motiv qazanır.

9. Sənə aid olmayan savaşlara qoşulma

Lord Beyliş məhz belə edir. Lanisterlərlə Starklar bir-birini qırırlar? Cəhənnəmə ki! Bu savaşdan hansı xeyri götürmək olar? Bir halda ki, onsuz da hamı səndən öz xeyrinə istifadə etməyə çalışacaq, bəlkə özün qabağa düşəsən?

10. Dini fundamentalizm qorxuludur

Yəqin ki, Vesterossun yeddi krallığının heç birində Serseya Lanisteri heç kim Sərçələr dini sektasının rəhbəri Sərçə həzrətləri kimi zəlil gününə qoyub, təhqir edərək, alçalda bilməzdi. Bu sekta dini fundamentalizmə açıq işarədir. Onlar hakimiyyətdən qorxmurlar, dövlət qanunlarını saymırlar. Üstəlik, bir də gözünü açırsan ki, ailə üzvlərin də onların tərəfindədir (Serseyanın kral oğlunu xatırlayın). Bəs onlarla nə etmək, necə davranmaq lazımdır? Serial Serseyanın vasitəsilə bizə açıq mesaj verir: Hamısını bir yerə yığmaq və ruslar demişkən, взорвать к чертовой матери!

Vüsal Məmmədov
AzVision.az

Teqlər: #Game-of-Thrones   #Taxt-Oyunları