"Magistraturaya sənəd verənlərin sayı azalıb" - Təhsil naziri

"Magistraturaya sənəd verənlərin sayı azalıb" - Təhsil naziri
  07 İyul 2017    Oxunub:2288
"Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalıb"
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlarının məzun günündə deyib. Nazir qeyd edib ki, buna baxmayaraq qəbul olunanların sayı 34 faiz artıb.

“Bu, ali təhsildə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir”.

AMEA-nın prezidenti Akif Əlizadə isə bildirib ki, ölkəmizdə elmə həvəsi olan gənclərin sayı az deyil, onları Azərbaycan elminə cəlb etmək lazımdır.

“Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Akademiyada magistratura pilləsinin yaradılması ilə bağlı işlərə pilot layihə çərçivəsində başlanılıb. Birinci qəbul ilində AMEA-nın magistraturasına qəbul olmaq üçün 400-ə yaxın bakalavr müraciət edib. İlk qəbulda 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul olub. Onlardan 1 nəfəri hərbi xidmətə yollanıb, 18 nəfər isə təhsilini uğurla davam etdirərək magistr adı alıb".

A.Əlizadə deyib ki, AMEA-nın magistraturasına maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə qəbul olmaq üçün 1700-dən çox bakalavr müraciət edib və son məlumata əsasən, onlardan 67-si qəbul olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Magistratura   Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti