Qızlarımız Avropa çempionatında iştirak edəcək

Qızlarımız Avropa çempionatında iştirak edəcək
  06 Sentyabr 2013    Oxunub:1355
Sabah qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, 1949-cu ildən keçirilməyə başlayan qitənin ən möhtəşəm yarışında sayca 28-ci qalib müəyyənləşəcək.

Almaniya və İsveçrənin birgə ev sahibliyi edəcək çempionatda qitənin ən güclü 16 yığması 4 qrupda mübarizə aparacaq. Həlledici mərhələdə Azərbaycan millisi də növbəti cəhdinə çıxacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda C qrupunda Rusiya, Xorvatiya və Belarus yığmaları ilə nəyə qadir olduğunu göstərəcək. Bu rəqiblər voleybolçularımız üçün kifayət qədər tanışdır. Çünki onların hər biri ilə əvvəllər də qarşılaşmışıq. Şimal qonşularımız təmsilçimiz üçün münasib hesab olunmasa da, digər rəqiblər “dişimizə” görədir.

Komandamız tarixi rekordunda, 2005-ci ildə 4-cü yeri tutduqda çempionata ev sahibliyi edən Xorvatiya Zaqrebdə belə millimizlə bacara bilməmişdi. Dəfələrlə görüşdüyümüz belarusluların isə komandamız üzərində yeganə qələbəsi var ki, bu da az öncə Qazaxıstanda beynəlxalq turnirə təsadüf edib. Halbuki, orada Azərbaycan tam heyətlə mübarizə aparmırdı.

Əvvəlki oyunlara nəzər saldıqda, Faiq Qarayevin yetirmələrinin çətinlik çəkmədən qrupdan çıxacağını gözləməyə dəyər. Onlar hətta əsasən gənclərlə Avropa çempionatına qatılan rusları da üstələmək iqtidarındadır. Çünki son illər ölkəmizdə qadın voleybolunun səviyyəsinin artması, aparıcı oyunçularımızdan, komandamıza Oksana Parxomenkonun yoxluğunda kapitanlıq edəcək Natalya Məmmədovanın legioner həyatı yaşaması xeyrimizə olan amildir. Əgər qrupda qalsaq, bu, əsl fiasko sayılacaq.

Reqlamentə görə, qrup sonuncuları Avro-2013 ilə vidalaşacaq. II və III yerlərin sahibləri bir-birləri oynayaraq, mübarizəni pley-offda davam etdirəcək. Qrup birinciləri isə birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Yeri gəlmişkən, Avropa çempionatında ən çox medal qazanan ölkə rəqibimiz olan Rusiyadır. Onların aktivində sabiq SSRİ adı ilə 13, müstəqillikdən sonra 4 çempionluğu var. Həmçinin, Polşa, Almaniya, İtaliya hərəyə 2 dəfə, Çexiya, Hollandiya, Serbiya və Bolqarıstan hərəyə bir dəfə qitənin ən güclüsü olmağı bacarıblar.

Qeyd edək ki, yarışa ev sahibliyi edən Almaniya və İsveçrə, həmçinin ötən turnirdə ilk “altılıqda” yer alan Serbiya, Türkiyə, İtaliya, Polşa və Rusiya final mərhələsinə birbaşa qatılıblar.


Teqlər:





Xəbər lenti