BANM-ın 20 tələbəsi STAR-da işləyəcək

BANM-ın 20 tələbəsi STAR-da işləyəcək
  04 İyul 2017    Oxunub:2275
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətinin STAR Refinery müəssisəsində işləyəcək məzunlar və istehsalat təcrübəsi keçəcək tələbələr ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu səbəblə Ali Məktəbin 2016/2017-ci tədris ili üzrə təhsil alan 29 məzunu və 20 tələbəsi yaxın zamanda Türkiyəyə yola düşəcəklər. Görüşdə BANM-in rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, Emal üzrə vitse-prezident David Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə departament rəhbəri Dinar Məmmədova, Star Refinery şirkətinin İnsan resursları üzrə departamentin meneceri Anar Süleymanov, SOCAR-Türkiyə şirkətinin Kadrların cəlb edilməsi və idarə olunması departamentin nümayəndələri Ozay Unsal, Serda Okumuş, Leyla Axundzadə, Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan BANM-in rektoru Elmar Qasımov SOCAR-Türkiyə şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb.

O, qeyd etdi ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor Elmar Qasımov BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in SOCAR-Türkiyə şirkəti ilə əməkdaşlığından da söz aşdı. O, yaradılan iş imkanların görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür etdi. “Bu layihə Azərbaycan və Türkiyə arasında bir dostluq nümayişidir. Mən fəxr edirəm ki, Ali Məktəbin məzunları regionun ən nüfuzlu olan şirkətlərin birində çalışacaqlar”, - rektor dedi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli Ali Məktəbin məzunlarını təbrik edərək, ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, Emal üzrə vitse-prezident David Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışlarında qeyd ediblər ki, BANM-in məzunları “STAR Refinery” şirkətində işləməklə gələcəkdə Azərbaycan və Türkiyənin ən önəmli mütəxəssisləri olacaqlar.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib. Iki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu dedi.

Daha sonra “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov şirkətin fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərindən bəhs etdi. O, iştirakçılara proqram, seçim prosesi və təcrübə haqqında məlumatlandıraraq qeyd etdi ki, seçim imtahan və müsahibə əsasında keçirilmişdir.

“Elə ilk günlərdən biz Ali Məktəbin məzunlarının və tələbələrinin layihəyə olan böyük marağının şahidi olduq. Biz ümumilikdə 220-dən artıq müraciət aldıq, 173 nəfər üçün imtahan, 48 nəfər üçün müsahibə keçirtdik. Bu gərgin rəqabət nəticəsində ən istedadlı və bacarıqlı məzunları və tələbələri seçə bildik”, - Z.Qəhrəmanov dedi.

Gələcək mühəndislər rektor Elmar Qasımova Ali Məktəbin tələbələr və məzunları üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür etdilər. Ali Məktəbin məzunlarının valideynləri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını dedilər. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından söz açan valideynlər BANM-in rəhbərliyinə minnətdarlıq ifadə etdilər.

AzVision.az



Teqlər: BANM   tələbə  





Xəbər lenti