İranın vitse-prezidenti Azərbaycana dəvət olunub

İranın vitse-prezidenti Azərbaycana dəvət olunub
  04 İyul 2017    Oxunub:1860
İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipurla görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumatda deyilir ki, nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Azərbaycanda turizmlə bağlı ali təhsil müəssisələrinin olduğunu deyən Ə.Qarayev turizm təhsili sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edib. İranın müvafiq təhsil müəssisələri ilə tələbə mübadiləsinin də reallaşdırılmasının mümkünlüyü vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirirlər. Erməni vandalları minlərlə tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar. Xudafərin körpüsünün Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirdiyini nəzərə çatdıran nazir bu körpünün Azərbaycanın işğal edilmiş torpaqları ilə İran arasında qaldığını deyib.

"Turizmin inkişafı dostluğun daha da möhkəmlənməsi üçün ən yaxşı vasitədir", - deyən Ə.Qarayev İranın vitse-prezidenti Z.Əhmədpuru Azərbaycana rəsmi səfərə dəvət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən dəstəkləndiyini vurğulayan Z.Əhmədipur İranda əl işləri sənayesinin inkişaf etdiyini və ölkəyə gələn turistlərin marağına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, xalqların yaxınlığı mehriban qonşuluğun və dostluğun daha da möhkəmlənməsini tələb edir. İran Azərbaycandan gələn hər bir qonağı hörmətlə qarşılayır. Xalqlarımız tarixən mədəni əlaqələrə sahib olublar. Müasir dövrdə bu əlaqələri inkişaf etdirib gələcək nəsillərə çatdırmaq lazımdır ki, İranla Azərbaycanın dostluğu əbədi olsun.

Görüşdə əl işlərindən ibarət məhsulların birgə sərgisinin keçirilməsi və qarşılıqlı əlaqələrin gələcək perspektivlər də müzakirə edilib. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

AzVision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti