Yeyinti məhsullarının idxalını artmağa qoymamalıyıq – TƏHLİL
Qeyd edim ki, ölkəmizin neftin dünya bazar qiymətləri əlverişsiz vəziyyətə düşdükdən sonra iqtisadi inkişafda seçmiş olduğu yeni iqtisadi kursun, yəni yeni modelin də əsas məqsədi məhz bundan ibarətdir.
Yeri gəlmişkən, ötən şərhlərdən birində yazdım ki, ölkədə yeni iqtisadi modelə transformasiya uzunmüddətli prosesdir. Bunun nəticəsini qısa müddət ərzində gözləmək düzgün deyil. Söhbət, ümumi nəticədən gedir. Ümumi nəticə isə ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun və xarici maliyyə, xammal bazarlarındakı dəyişikliklər iqtisadiyyata az təsir göstərsin.
Bu ilin ilk 5 ayı ərzində ölkəyə 526,53 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları gətirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu, 6,8% artım deməkdir. Artan ət idxalıdır - 2,9 dəfə, süddür - 77%, kərə yağı və süddən hazırlanmış yağlardır - 4,3%, çaydır - 20,9%, meyvə-tərəvəzdir - 1,4%, şəkərdir - 16 %... Maraqlıdır: buğda idxalı isə 38,6% azalıb...
Yeri gəlmişkən, yeyinti məhsullarının ölkəmizə ümumi idxalda payı keçən il 15%-ə qədər idisə, bu il 19%-ə yaxınlaşıb. Söhbət, təkrar edirəm, ilin ilk 5 ayından gedir. Yuxarıda qeyd etdim ki, idxal 15,44% azalıb. İş isə ondadır ki, ümumi idxalda yeyinti məhsullarının payı artırsa bunun əslində, heç bir əhəmiyyəti yoxdur.
Ümumiyyətlə, manatın dəyərini möhləmləndirmək üçün ixracı artırmağa çalışdığımız halda, qeyd olunan statistika sözsüz ki, yaxşı hal deyil. Tendensiya bu cür davam edərsə, valyuta bazarımızda əldə olunan sabitlik də pozula bilər...
Bəs, ixracın strukturunda vəziyyət necədir? Onun artmasına səbəb nədir?
Xam neft ixracı ölkənin ümumi ixracında dominant mövqeyini əvvəlkitək saxlayır - 72,59%. Lakin 2016-cı ilin ilk 5 ayının ixracına nisbətən 35% artıb. Təbii qaz ixracı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyərisə 6,11 dəfə artıb.
Ümumiyyətlə, Azərbaycan bu ilin ilk 5 ayı ərzində 3,097,742.36 min kubmetr təbii qaz, 393,413.39 min kVt/saat elektrik enerjisi,345,173.80 ton neft məhsulları (2710 mal kodu üzrə) ixrac edib ki, ümumi ixracda təbii qazın payı 12%-ə yaxın təşkil edib.
Ötən şərhdə də qeyd etdim ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunması üçün hələ xeyli yol getmək lazımdır. Bunun üçün ilk növbədə valyuta gəlirlərimizin neftdənkənar ixrac potensialımızdan asılı olması tələb olunur. Odur ki, ixracda qeyri-neft məhsullarının artmasına nail olmaılıyıq. Qeyri-neft məhsullarının ixracının sturukturunda isə 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə təkcə meyvə-tərəvəzdə 34%, çayda 54%, şəkərdə 4% olmaqla artım əldə olunub.
Ümumiyyətlə, göstərilən müddətdə 6 604 çeşiddə mal idxal edildiyi halda, 2 183 çeşiddə mal ixrac olunub. Bu isə xarici ticarət dövriyyəsində yuxarıda qeyd etdiyimiz müsbət saldonun keyfiyyətini aşağı salır.
Azərbaycanın çox böyük ixrac potensialı var və bunu reallaşdırmaq lazımdır. Bu səbəbdən də, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən sürətləndirilib. Dövlət başçısı tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrilib. Və bütün bunlar öz nəticəsini tədricən, verəcək.
Hələlik isə, ölkəyə ət idxalının 191%-dən, südün 77 %-dən, kərə yağının 4%-dən, meyvə-tərəvəzin 1%-dən, çayın 20%-dən, şəkərin 16%-dən, tütün və tütün məmulatlarının 10 %-dən çox artması ciddi nəzarətə götürülməlidir. Ümumiyyətlə, yeyinti məhsulları üzrə idxalın artmasının qarşısı alınmalıdır...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: #İdxal #Yeyinti-məhsulları #İqtisadiyyat