Metyu Brayza Qarabağ sirrini açdı - EKSKLÜZİV MÜSAHİBƏ

Metyu Brayza Qarabağ sirrini açdı - EKSKLÜZİV MÜSAHİBƏ
  06 İyun 2017    Oxunub:67072
"Azərbaycan üçün darıxıram, Lənkəran çayı çox dadlıdır"
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza AzVision.az-a eksklüziv müsahibə verib.

Amerikalı diplomat şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, eləcə də Trampın Azərbaycanla bağlı siyasəti barədə önəmli məqamlardan söz açıb:

- Hazırda harada yaşayırsınız? Fəaliyyətiniz nədən ibarətdir?

-Hazırda İstanbulda yaşayıram. Finlandiyanın “Lamor Corporation” şirkəti ilə birgə yaradılan “Lamor Turkey”in baş direktoruyam. “Lamor Corporation” neft tullantılarının və digər ekoloji problemlərin aradan qaldırılması üzrə dünyanın ən aparıcı şirkətlərindən biridir. Bundan savayı Finlandiyada yerləşən “Lamor” şirkətinin Direktorlar Şurasında, həmçinin Türkiyənin ən böyük enerji şirkəti olan “Turcas” və mərkəzi Londonda olan “Nobel Upstream”də çalışıram.

Qeyd edim ki, Atlantika Şurasının böyük elmi işçisi və Ceymstaun Fondunun üzvüyəm. Təşkilat Vaşinqtonda yerləşir və xarici işlər üzrə araşdırma fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, mən Avropanın şimal-şərqinə təbii qaz tədarükü və kibertəhlükəsizliklə bağlı konkret layihələr üzərində işləyirəm.

- Azərbaycan üçün darıxırsınızmı? Bakıda ən çox nəyi bəyənirdiniz?

-Təbii ki, Azərbaycan üçün darıxıram. Ailəmə hörmətlə yanaşan bu insanların istiliyi, sevgisi üçün darıxıram. Biz bu hörməti Bakıda olanda hiss edirdik və bu, qarşılıqlı idi. İndi də elədir. Mən, həmçinin Bulvar, İçərişəhər, Fəvvarələr Meydanı və Azərbaycanın gözəl təbiəti üçün darıxıram. Deyə bilərəm ki, Azərbaycan çayı üçün də darıxıram. Lənkəran çayı daddığım ən ləzzətli çaydır.



- Nə vaxtsa Azərbaycana geri dönmək, burada yaşamaq istərdinizmi?

-Xoşbəxtlikdən İstanbulda yaşadığım üçün Azərbaycana tez-tez səfər etmək imkanım olur. Ümid edirəm ki, səfərlərimin sayı artacaq və Azərbaycanda olan tərəfdaşlarla işləyərək sizin gözəl ölkənizin təbiətini neft tullantılarından qorumağa və müxtəlif sənaye müəssisələrində kimyəvi və digər tullantıların azaldılmasına yardım edə biləcəyəm. Ola bilsin ki, mənim şirkətim Bakıda ofis də açsın.

- Ailənizlə bağlı sual vermək istərdim. Maraqlıdır, amerikalı bir kişi ilə türk xanımın sözləri hər zaman üst-üstə düşürmü? Sizin fikrinizcə, ideal ailə necə olmalıdır?

- Gündəlik həyatımız sadəcə möhtəşəmdir. Biz sakit Belqrad meşəsində xoşbəxtik. Mənim qızım məktəbə gedir və bizim təmiz havada gəzmək, idmanla məşğul olmaq, həmçinin İstanbulun möhtəşəmliyindən həzz almaq üçün kifayət qədər imkanımız var.

İdeal ailə fundamenti sevgi və bütün ailə üzvlərinin bir-birinə, valideynlərə hörmət etdiyi bir ailədir. Bu ailədə valideynlər öz övladlarına sevgi ilə yanaşır, uşaqlar isə öz valideynlərini hər gün sevgi ilə qucaqlayırlar.

-Qızınız Maya necədir? Ona vaxt ayıra bilirsinizmi?

-Maya haqqında soruşduğunuz üçün sizə minnətdaram. Mən iş həyatımda çoxlu sayda insanlarla görüşmək şərəfinə layiq olmuşam. Məni həyəcanlandıran adamlar olub. Lakin onlardan ən möhtəşəmi Mayadır. Onun bu yaxınlarda 7 yaşı tamam olacaq. İnanıram ki, o, Zeyno və məni öz valideyni kimi seçib, çünki onun bu dünyada çox vacib missiyası var. Mən bu missiyanın nədən ibarət olduğunu bilmirəm, lakin bu ilahi ipuclarını dinləmək üçün ona yardımçı olacağam. Onun bu missiyaya çatması üçün əlimdən gələni edəcəyəm.

Ümid və dua edirəm ki, bütün qızlar elə bir ailədə doğulsunlar ki, həmişə öz valideynlərinin, bacı və qardaşlarının dərin sevgilərini hiss edə bilsinlər. Onların hamısı qızlarının arzularını reallaşdırmağa dəstək olsunlar.

Qız atalarına məsləhət görürəm ki, övladlarınıza ürəyinizi açın və onlara sonsuz sevgi və hörmət göstərin. Onlar haqqında həmişə gücünüzə, rəhbərliyinizə, sevginizə və hörmətinizə ehtiyacı olan xəzinə kimi düşünün və əgər siz onlara icazə versəniz, onlar bunu sizin özünüzə qaytaracaqlar.



-Azərbaycanda səfir işlədiyiniz illəri necə xatırlayırsınız?

-Azərbaycanda səfir olmaq mənim diplomatik kariyeramda ən qürurverici anlardandır. Səfirlikdə təxminən 400 nəfərə yaxın komandaya rəhbərlik etmək möhtəşəm idi. Hesab edirəm ki, bu, liderlik hədəfləri baxımından mənim karyeramda ən çətin il, lakin eyni zamanda bizim səfirlikdə işləyən şəxslərin inanılmaz istedadına görə ən asan il idi.

-Azərbaycanda həyata keçirə bilmədiyiniz layihələr olubmu?

-Bəli. Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birgə bizim səfirlik cənub bölgəsində azərbaycanlı qızların professional təhsil əldə etmələri üçün proqram hazırlamışdı. Əsas məqsədimiz həmin qızların professional karyeralarının effektivliyini artırmaq və onları İslamçı ekstremistlərdən qorumaq idi. Çünki islamçılar onları öz sıralarına cəlb edə və həyatlarını məhv edə bilərdilər.

Biz öz səylərimizi azərbaycanlı milyonçu, 19-cu əsrdə Qafqazda ilk qızlar məktəbinin əsasını qoyan Zeynalabdin Tağıyevin şərəfinə “Tağıyev təşəbbüsü” adlandırmışdıq.

Bizim ilk addımımız ABŞ hökuməti tərəfindən qızlar və qadınlarla (təhsil, səhiyyə, iqtisadiyyat sahələri üzrə) bağlı koordinasiya olunmayan bir sıra proqramları vahid strategiya formasına salmaq idi. Mən bir sıra ABŞ dövlət agentliklərinin koordinasiya olmadan eyni məqsədlər üçün böyük məbləğdə vəsait xərclədiklərini görəndə təəcüblənmədim. Bu, ABŞ kimi dövlət üçün adi bir problemdir.



İkinci addım Lənkəran və Astara rayon İcra Hakimiyyətlərinin rəhbərləri ilə tərəfdaşlıq əlaqələri quraraq təhsil proqramları müəyyənləşdirmək idi. Bu lahiyə reallaşanda mən 2012-ci ilin yanvarında senatorlar Bokser və Menendezin səfir kimi təsdiqlənməmi şərtləndirən səsvermədə icazə vermədikləri üçün Azərbaycanı məcburən tərk etməli oldum. Bu, çox çirkli addım idi. Bu qərar iki güclü senatorun bir qrup kiçik Amerika ermənilərinin maliyyə və siyasi asılılığının bariz nümunəsidir. Lakin mən yenə də bu proqramı başlamaq istəyərdim.

-Hazırda Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

-Mənim Azərbaycanla bağlı fikrilərim orada yaşadığım dövrdə olduğu kimi dəyişməyib. Azərbaycanı dünyanın ən aparıcı strateji balans nöqtələrindən biri kimi görürəm. Azərbaycan həm Rusiya, həm də İranla sərhədə malik olan yeganə ölkədir. Azərbaycan xalqı əsrlər boyu xarici qüvvələr tərəfindən manipulyasiyaya uğrayıb.

Bu iki güc (Rusiya və İran) tarixən Azərbaycanın elitaları arasında bölücü rol oynayaraq vahid dövlətin yaranmasına mane olub. Buna baxmayaraq. Azərbaycan iki dəfə vahid dövlət halında formalaşıb.

Əlbəttə, Azərbaycanda görüləsi işlər çoxdur. Birləşmiş Ştatlar və onun tərəfdaşları, dostları bu pozitiv inkişafı zəruri edən dəstək və tənqidin balansını qorumalıdır.

-Söhbətimizi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında davam etdirmək istərdik. Azərbaycanlı oxucular üçün maraqlıdır, cənab Brayzanın münaqişə ilə bağlı mövqeyi necədir?

-Dağlıq Qarabağ münaqişəsinin əsas parametrləri 2007-ci ilin noyabrında Madriddə keçirilən ATƏT nazirlərinin görüşü zamanı həmsədrlərin irəli sürdüyü Madrid Prinsipləri vaxtından məlumdur.

“Baza prinsipləri” kimi tanınan bu sənəd Dağlıq Qarabağ ətrafında yeddi rayonun Azərbaycanın qanuni nəzarətinə keçməsini, gələcəkdə regionun yekun statusu ilə bağlı orada yaşayan əhali arasında səsvermənin keçirilməsinə qədər Dağlıq Qarabağa müvəqqəti statusun verilməsini, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını, beynəlxalq sülhməramlıların yerləşdirilməsini və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhlizin yaradılmasını nəzərdə tutur. Məhz bu faktorlar ATƏT-in Helsinki Yekun aktının əsas prinsipləri (ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə, güc tətbiq etməmək) arasında balans yaradır.

-Sizcə, Qarabağ problemi niyə həll olunmur? Səbəb nədir?

- Münaqişənin 25 il ərzində həll olunmamasının səbəbi odur ki, Ermənistan və Azərbaycan vətəndaşları “Baza prinsipləri”ni qəbul etmək istəmirlər. Bunun xalqların tarixinin konsepsiyalarının fərqliliyi, qorxu və əzab, ayrı-ayrı qrupların güclü maraqları da daxil olmaqla bir sıra səbəbləri var. Bu baryerləri aşmaq üçün hər iki ölkənin lideri xalqların bir-birlərinə qarşı olan nifrət hissini dəyişməyə başlamalıdır. Lakin onlar bu riskli addımı qarşı tərəfin buna hazır olmasına əmin olduqları zaman ata bilərlər.

Bu cür riskli addımlar əminlik və dəstək tələb edir ki, bunu da yalnız xarici qüvvələr təmin edə bilər. Son nəticədə bu proses yəqin ki, ABŞ prezidenti və baş katibinin, onların rusiyalı həmkarları ilə birgə aktiv marağının olmasını zəruri edir. Məhz belə bir halda 2009-cu ildə Minsk qrupunun nizamlanma prosesində əldə etdiyi impulsu yenidən bərpa etmək olar.

- Tramp administrasiyası ilə Azərbaycanın münasibətlərini necə dəyərləndirirsiniz? Son günlər münasibətlərin yeni mərhələdə olduğu bildirilir.

-Tramp Administrasiyasının Azərbaycan və ya digər ölkələrlə əlaqələrindən danışmaq hələ tezdir. Bu vaxta qədər prezident Tramp NATO daxil olmaqla, dünyanın heç bir regionu üçün aydın və davamlı siyasət formalaşdırmayıb. Bu mənim diplomatik kariyeramda görmədiyim haldır. Ümid edirəm ki, Azərbaycanla əlaqələr daxil olmaqla yeni administrasiyanın yürüdəcəyi siyasətin konturları yaxın vaxtlarda müəyyənləşəcək.

-Tramp Qarabağ münaqişənin həllinə təsir edə bilərmi?

-Düşünürəm ki, münaqişənin həllində irəliləyiş mümkündür. Xüsusilə, prezident Tramp Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə birgə əməkdaşlığın perspektivini nəzərdən keçirsə, bu baş tuta bilər.



-Cənubi Qafqazdakı durumu necə dəyərləndirirsiniz?

-Qafqazda hər bir ölkə müxtəlif yolla inkişaf edir. Azərbaycan transatlantik birliyə öz enerji kəmərləri vasitəsilə bağlıdır və ona görə də dünyadakı mövqeyindən razıdır. Azərbaycan Xəzər dənizindən Türkiyəyə, Avropa İttifaqına gedən Şərq-Qərb dəhlizini, eyni zamanda Rusiya və İran arasında şimal-cənub dəhlizini yaratmağa cəhd edir. Əgər Azərbaycan neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası ilə əlaqədar iqtisadi islahatların keçirilməsi üçün yaranan siyasi pəncərədən istifadə edə bilsə, bu ölkənin iqtisadi gələcəyi parlaq olacaq.

Ermənistan ən pis mövqedədir. Çünki, ölkə Azərbaycan və Türkiyədən təcrid olunub. Buna görə də Ermənistan potensial investisiyalardan kənarda qalır və Rusiyadan enerji, təhlükəsizlik və investisiya asılılığına düşür. Ümid edirəm ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələbələrini icra etməklə - işğal olunan torpaqları Azərbaycana qaytarmaqla öz şərq və qərb qonşuları ilə əlaqələrin bütün spektrlərini bərpa edə biləcək.

Gürcüstan isə Qərbə tərəf getmə siyasətini davam etdirəcək. Avropaya vizasız gedişin tətbiqi tarixi addımdır. Buna baxmayaraq, Rusiya bundan sonra da Gürcüstana nüfuz etməyə çalışacaq.

-Suriyanın gələcək aqibəti barədə nə düşünürsünüz? Əsəd hakimiyyətdə qalacaqmı?

-Dünyanın heç bir yerində Suriya probleminin həllinə dair yaxşı ideya yoxdur. Həll yolunun bir hissəsi kimi İŞİD məğlub edilməli, onun paytaxtı Raqqa işğaldan azad olunmalıdır. Şübhəsiz bu, yaxın aylarda baş verəcək. Lakin münaqişə Əsəd hakimiyyətdə qaldığı və İslam ekstremizm ideologiyası aradan qalxmayana qədər davam edəcək. İŞİD Suriya və İraqda ciddi təzyiqlərə məruz qaldığından qorxuram ki, terrorçular Rusiyaya geri dönəcəklər. Aydındır ki, Rusiyanın Əsəd rejimini dəstəkləmək məqsədilə məktəb və xəstəxanalar daxil olmaqla Hələbə endirdiyi aviazərbələr ona düşmənlər qazandırdı. Qroznı sayağı siyasətə sivil dünyada yer yoxdur.

-Sonda isə gələcək planlarınızı bilmək istərdik...

-Yaxın bir neçə ildə mənim əsas məqsədim mənzil-qərargahı İstanbulda olan təmiz texnologiya şirkətinin qurulmasıdır. Bununla yanaşı mən xarici siyasət sahəsi və xüsusilə energetika sahəsi daxil olmaqla geosiyasi layihələrlə əlaqədar Vaşinqtondakı beyin mərkəzləri ilə iş birliyimi davam etdirəcəyəm. Ola bilsin ki, son nəticədə daha aktiv siyasi fəaliyyətə qayıtdım. Lakin bu, yalnız mənim şirkətim güclü olduqdan və yəqin ki, onu satdıqdan sonra mümkün olacaq.

Hafiz Əhmədov
Tərücmə: Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Səfir   Brayza  





Xəbər lenti